PDF Oxu

Sosial

  • 1 510

Zərifə Əliyeva - bütün analara nümunə təcəssümü olan unudulmaz şəxsiyyət

Zərifə Əliyeva - bütün analara nümunə təcəssümü olan unudulmaz şəxsiyyət

YAP Tərtər rayon təşkilatının qərargahında görkəmli oftalmoloq-alimin həyatına həsr edilmiş yığıncaq keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının qərargahında rayon icra hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının iəşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Tərtər rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov açaraq, öncə yığıncaq iştirakçılarını ötən ilin aprel hadisələri zamanı Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Tədbirdə mərkəzi rayon xəstəxanasının baş həkimi, ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov çıxış edərək görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib. Bildirib ki, akademik Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.

Y.Hüseynov bildirib ki, çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil edib: "O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.

Çıxışın sonunda qeyd edilib ki, Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə Onun cənazasi Bakıya gətirilərək, Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmiş, bu gün Bakıda Göz Xəstəlikləri İinstitutu, Naxçıvan şəhər poliklinkası, Bakının Binəqədi rayonunun ərazisində istirahət parkı, Bakı və Naxçıvanda küçə Onun adını daşıyır. Azərbaycan xalqı Onun xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.

Məruzə ətrafında uşaq xəstəxanasının həkim-pediatoru Arzu Əhmədova, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, rayon uşaq xəstəxanasının tibb bacısı Samirə Hacıyeva çıxış ediblər.

Tərtər rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov görkəmli oftalmoloq-alim, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycana Prezidentimiz İlham Əliyev kimi layiqli övlad bəxş edən, bütün analara nümunə təcəssümü olan Zərifə xanım Əliyevanın tibb sahəsində, xüsusilə, göz xəstəlikləri və müalicəsi ilə bağlı əldə etdiyi yeniliklərin bu gün də tibb elmində davamlı şəkildə istifadə edilməsi barədə iştirakçılara geniş məlumat verərək, tədbiri yekunlaşdırmış, həkimlərimizə öz sənətlərini Onun kimi sevməyi, insanların sağlamlığı keşiyində Zərifə xanım kimi dayanmağı tövsiyə etmişdir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər