Mayın 11-də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Heydər Əliyev - gənclik - multikulturalizm" mövzusunda ikigünlük beynəlxalq nəzəri -praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib.
BBMM-in mətbuat xidmətinə bununla bağlı açıqlamasında Salomeya Lukayte qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycan multikulturalizmini hüquqi və siyasi müstəviyə qaldıran, eyni zamanda gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etmək, həm də Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin vasitəsi ilə multikulturalizm, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün və barışın bərqərar olmasına töhfə verməkdir.
Dimitrios Asproulis vurğulayıb ki, Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri tərəfindən irəli sürülən bu təklif klubun üzvləri tərəfindən rəğbətlə qarşılanıb: "Layihə haqqında öyrənən klub üzvləri yekdil olaraq bu konfransda iştirak etmək istədiklərini ifadə etdilər, sözügedən tədbirə qatılaraq, Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikir və təəssüratlarını bölüşmək arzularını çatdırdılar. Auqsburqda keçiriləcək sözügedən konfransa sözügedən klubda təmsil olunan tələbə və gənclər qatılaraq mövzu ətrafında təqdimatlarla çıxış edəcəklər".
İdeyanın təşəbbüskarlarından olan, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi, gənc rejissor Joao Mestre IV Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirakının Azərbaycanı və onun multikulturalizm modelini əyani şəkildə tanımağa imkan yaratdığını vurğulayıb. Gənc rejissor həm də IV Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirakı zamanı əldə etdiyi videoçəkilişlər və bilgilər əsasında Azərbaycan multikulturalizmi modeli ilə bağlı sənədli film çəkdiyini də xatırladıb. Joao Mestre bildirib ki, sözügedən ikigünlük beynəlxalq nəzəri-praktik konfrans vasitəsilə Azərbaycanın dünyaya örnək olacaq multikulturalizm modeli, bu ölkədə aparılan uğurlu gənclər siyasəti, Avropanın multikulturalizmdən imtina etdiyini bəyan etdiyi bir vaxtda multikulturalizmin Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Azərbaycan xalqının əsrlərə söykənən multikulturalizm və tolerantlıq ənənələrinin Ümummilli Lider Heydər Əliyev tərəfindən daha yüksək siyasi səviyyəyə qaldırıldığını və Prezident Cənab İlham Əliyevin bu siyasi kursu müvəffəqiyyətlə davam etdirdiyini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə təqdim etmək imkanı yaranır: "Ən maraqlı cəhət budur ki, Azərbaycan haqqındakı bu təqdimatı onun xarici ölkələrdəki gənc intellektual dostları həyata keçiriəcək, onlar bu konfransda yenidən bir araya gələrək, beynəlxalq multikulturalizm yay və qış məktəbləri ərzində öz gözləri ilə şahid olduqları Azərbaycan həqiqətlərini dünyaya bəyan edəcəklər. Düşünürəm ki, bu konfransın gerçəkləşməsi Azərbaycan Prezidenti İlham Əliyevin - Azərbaycan gənclərinin İndoneziyadan ABŞ-a, Almaniyadan Vyetnama qədər- dünyanın dörd bir tərəfində intellektual dostlarının sayının artırılması ilə bağlı həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticəsidir".
NƏZAKƏT