"Çiçəklənən Ermənistan" Partiyasının liderinin əlində bunun üçün "əsasları" var
Ermənistanın hakimiyyət yönümlü "Çiçəklənən Ermənistan" Partiyasının lideri, bu ərəfələrdə bəyan edib ki, parlament seçkilərindən qabaq ölkəyə yatıracağı 15 milyard dollarlıq investisiya barədə verdiyi vədini yerinə yetirməyəcək. Belə ki, o, sözügedən vədinin 50+1 səs toplayaraq, hakimiyyətə gələcəkləri təqidrdə yerinə yetirə bilməyəcəyi barədə bəyanat verdiyini xatırladıb. Beləliklə, Tsarukyanın sözlərinə görə, görünən budur ki, əgər birmənalı hakimiyyət yoxdursa, sərmayə də olmayacaq.
"Hətta nəzəri olsa belə, təsəvvürə gətirmək qeyri-mümkündür ki, 15 milyardlıq sərmayə balaca Ermənistanda harayasa yatırılacaqmış"
Mövzu ilə bağlı Ermənistan KİV-ləri də maraqlı fikirlərə yer ayırıblar. Məsələn, "SƏS" İnformasiya Agentliyinin məlumatına görə, ermənilərin aparıcı müxalifətyönlü media qurumlarından hesab edilən "1in.am" saytının şərh bölməsində sual olunur ki, hərgah "Çiçəklənən Ermənistan" iqtidara gəlsəydi, həmin 15 milyard ortaya çıxacağıydımı? "Bu sual özü-özlüyündə cavabı çətin veriləcək sualdır"-deyə yazan erməni media qurumu əlavə edib ki, ümumiyyətlə, hətta nəzəri olsa belə, təsəvvürə gətirmək qeyri-mümkündür ki, 15 milyardlıq sərmayə balaca Ermənistanda harayasa yatırılacaqmış.
"2008-ci ilə qədər müəyyən status-kvo var idi - piramidanın ən uca nöqtəsində də Robert Koçaryan oturmuşdu"
Yazıda bildirilir ki, Qagik Tsarukyanın "izahı", əslində, on illərdir, Ermənistanda davam edən iqtisadi vəziyyət baxımından, daxili siyasət sistemində böyük xəyal qırıqlığıdır: "2008-ci ildən etibarən, hazırkı dövrə qədər nə hakimiyyət, nə də ki, investisiya mövcuddur. Ermənistandakı pullar hakimiyyət klanlarının, yaxud da qruplarının əlindədir. Ən azı, 2008-ci ilə qədər müəyyən status-kvo var idi - piramidanın ən uca nöqtəsində də Robert Koçaryan oturmuşdu. 2008-ci ildən sonra bu status-kvo birdəfəlik olaraq dəyişdildi və dəyişməyən kapitallar oldu, necə deyərlər, iqtisadi status-kvo".
"Hakimiyyətsizlik iqtisadi kollapsa səbəb olmaqdadır..."
"Beləliklə, 2008-ci ildə qədər investisiya yatıranlar artıq bu ildən sonra bu motivasiyanı edə bilmədilər, belə ki, de-yure hakimiyyətdəki mövcud rıçaqlarına malik deyildilər"-deyə qeyd edilən yazıda bildirilir ki, hakimiyyətin birinci eşalonunda dəyişikliklər edildi: "Bununla paralel olaraq, həmin eşalonda olanlar əllərində olan kapitallara rəğmən, artıq investisiya məsələlərində zəmanətsiz qaldılar. Eyni zamanda, kapital yatırmaq istəyində olanlara da təminat verə bilmədilər. Nəticədə, hakimiyyətsizlik iqtisadi kollapsa səbəb olmaqdadır..."
"Kapitalla hakimiyyəti bölmək onlar üçün çox çətindir"
Erməni saytının yazdığına görə, Qagik Tsarukyanın bəlli ifadəsi bir daha göstərir ki, mövcud vəziyyət indi də davam edir, başqa sözlə deyilərsə, hakimiyyətsizlik, yaxud hakimiyyət böhranı hazırda qalmaqdadır və bu, hər hansı kadr və ya qrup halında həll olunmayacaq bir məsələdir: "Bu böhranın həlli yalnız maliyyə kapitalının, eləcə də, siyasi dairələrin və hakimiyyətin rıçaqları vasitəsilə mümkündür. Lakin bunun üçün heç bir mexanizm yoxdur".
Sonda isə, qeyd olunur ki, sivilizasiyalı ölkələrdə mexanizmlər konstitusiya qanunlarına əsaslanır, Ermənistanda isə yalnız ayrı-ayrı şəxslər arasındakı razılaşmalar əsasında cərəyan edir. "İndi isə, bu şəxslər bir-birləri ilə razılığa gələ bilmirlər, çünki kapitalla hakimiyyəti bölmək onlar üçün çox çətindir"-deyə erməni saytı yazır.
Rövşən NURƏDDİNOĞLU