Bu gün akademik, oftalmoloq-alim, böyük ziyalı Zərifə xanım Əliyevanın doğum günüdür
Azərbaycan qadını çoxəsrlik mənəvi-əxlaqi dəyərləri, milli adət-ənənlərimizin qoruyucusu, dünya sivilizasiyasına töhfəsini verən varlıq kimi bu dəyərlərin içində ən ülvi sevgiyə layiq olub. Bir qadın ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, bacı, həyat yoldaşı, Vətən keşiyində duran elmli və zəkalı ziyalı. Bu gün doğum gününü qeyd etdiyimiz dünya oftalmologiya elminin tanınmış simalarından olan Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, zəngin həyat yolunda tədqiqatçı, həkim, alim və ana ömrü cəmlənib. Qaranlıq, ümüdsüz dünyalara şəfa verən Zərifə xanım Əliyeva qəlb dünyasının işığı və elmi zəkası ilə bu işlərə imza atıb. Elmi kəşfləri və axtarışları nəticəsində, Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə nail olub. Bu baxımdan, Onun fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin, mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli nümunəvi bir yoldur. Onun olduqca zəngin və çoxşaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana, tədqiqatçı, həkim, alim və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər, məhz şəxsiyyət olaraq, ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirdi. Onun ömür işığında qaranlıq dünyalara şəfa verildi.
SƏRHƏDLƏRİ İLƏ TANINAN DÜNYAMIZI YARATDIĞI ƏSƏRLƏRİ, ELMİ KƏŞFLƏRİ VƏ AXTARIŞLARIN NƏTİCƏSİ BİRLƏŞDİRDİ
Zərifə xanım Əliyeva... Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib, həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi və biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Zərifə xanmın portretini sezməmək mümkün deyildi. Qəlb dünyasının işığı Onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı. Sonralar bunun coğrafi məkanı daha da genişləndi. Sərhədləri ilə tanınan dünyamızı yaratdığı əsərləri, elmi kəşfləri və axtarışların nəticəsi birləşdirdi. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Tərcümeyi-halından oxuyuruq: 1923-cü il 28 aprelində Naxçıvan Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlmiş, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə həmin institutu bitirmişdir. Sonralar Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursunu keçmişdir. Elmi- tədqiqatlara sonsuz marağı Onu Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və orada həkim-ordinator kimi işə başlamışdır.
ZƏRİFƏ XANIM DÜNYADA, İLK DƏFƏ OLARAQ, GÖRMƏ ORQANININ PEŞƏ PATOLOGİYASINI ARAŞDIRAN ELMİ-TƏDQİQAT LABORATORİYASI YARADIB
Zərifə xanım Əliyevanın aspiranturanı bitirib elmi əməkdaş kimi fəaliyyət göstərdiyi illərdə respublikanı traxoma xəstəliyi ağuşuna almışdı. O vaxtlar bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmamasına görə, onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə, ölkənin səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin keçirilməsində fəal iştirak edirdi. O, respublikada traxoma xəstəliyinin daha çox yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyur və əhali arasında maariflənmə işi aparırdı.
Görkəmli alim 15 monoqrafiyanın, 200 qədər elmi məqalənin, məruzə, metodik vəsaitlərdən ibarət elmi irsi bu gün də aktualdır və yüksək səviyyəsi ilə fərqlənir. O, tədqiqat üçün elmi mövzular seçərkən, məsələlərə milli və dövlətçilik marağından yanaşırdı. Zərifə xanım insanları çox sevirdi və bu sevgini onlara paylamağa heç vaxt xəsislik etmirdi. Elə bu sevgi ilə də onların işığa həsrət dolu gözlərinə nur olurdu. Həmişə tələsirdi. Sanki taleyin Ona ömür payı ayıranda, xəsislik etdiyini bilir və daha çox iş görməyə çalışırdı.
Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində böyük əmək sərf etmişdir. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Zərifə xanım Əliyeva dünyada, ilk dəfə olaraq, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq, elm aləmində yeni bir istiqamətin - "peşə oftalmologiyası"nın əsasını qoymuşdur.
Zərifə xanım Əliyeva milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
ZƏRİFƏ XANIM AZƏRBAYCAN XALQINA MƏXSUS, MİLLİ-MƏNƏVİ, ƏXLAQİ DƏYƏRLƏRİ ÖZÜNDƏ CƏMLƏŞDİRMİŞ ANA İDİ
Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşıdır. O, respublikaya rəhbərlik edən, dünya siyasətində öz dəst-xəttilə seçilən, Ulu Öndərin yaratdığı böyük siyasi məktəbin layiqli və uğurlu davamçısına çevrilən Prezident İlham Əliyevin anasıdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə etdiyi nailiyyətlərdə, əhali arasında və eləcə də, beynəlxalq arenada özünə layiqli yer tutmasında, Ümummilli Liderlə yanaşı, Zərifə xanım Əliyeva şəxsiyyətinin də böyük xidmətləri olmuşdur. Vaxtilə bu fikri Ulu Öndər Heydər Əliyev Özü də qeyd etmişdir. Bu, Zərifə xanımın ailədə, evdə roluna verilən yüksək insani qiymət idi. O, həm də ömür-gün yoldaşının bütün çətin məqamlarda Onunla birgə addımladığını, Vətənə layiq övladlar bəxş etməklə, Onun əvəzolunmaz xidmətlərini cəmiyyətə, insanlara bəyan etmək istəyirdi. Zaman öz sözünü dedi. Möhtərəm İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq, Azərbaycan Prezidenti seçildi, valideynlərinin etimadını doğrultdu, eyni zamanda, insanların və regionun Liderinə çevrildi.
Qibtə ediləcək bir tale yaşamışdı, təkcə alimliyi, həkimliyi ilə yox, dövlət xadiminin qızı, dövlət xadiminin ömür-gün yoldaşı kimi... Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: "Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli-namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədi ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir".
Bəli, həqiqətən də, Azərbaycan qadınları dünyada yaxşı nə varsa ona layiqdir. Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir ana idi. O, həmişə yüksək səviyyədə qayğıkeşliyi və mehribanlığı ilə başqalarından fərqlənirdi. Qayğılar içərisində olan Zərifə xanımın gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim örnək olaraq yaşayır və yaşayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI