PDF Oxu

Sosial

  • 1 274

AŞPA Türkiyə kimi böyük dövləti itirmək təhlükəsindədir

AŞPA Türkiyə kimi böyük dövləti itirmək təhlükəsindədir

AKTUAL

Bu dövlətin tarixlərdən bəri təməlli əsaslara söykənən milli maraqları ləyaqət və şərəf formulası mövcuddur ki, həmin formulanı aradan qaldırmaq Avropaya müsbət heç nə verməyəcək.

Avropa Şurası Parlament Assambleyasının 2004-cü ildən bu yana ilk dəfə Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı, əlbəttə ki, bu qurumun səmimiliyinə inamsızlığı daha da artırmış oldu. Xüsusilə, dünyada qlobal siyasi böhranlar baş verərkən, eləcə də, geosiyasi xəritədə Türkiyə kimi önəm daşıyan bir dövlətə qarşı "səlib yürüşünə" start verilməsi, Avropa məkanına yaxşı heç nə vəd edə bilməz.

Baş verənlər "xristian klubu"nun və ya xristian təəssübkeşliyinin rəsmiləşdirilməsi anlamını daşıyır

Adıçəkilən Avropa qurumu tərəfindən Türkiyə dövlətinə qarşı aşkar qərəzin reallaşdırılması, həm də müsəlman ölkələrinə qarşı yeni və uğursuz planların tərkib hissəsi kimi qiymətləndirmək olar. Məhz bu səbəbdən, AŞPA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarı sözügedən amilləri özündə kifayət qədər ehtiva etməkdədir.

Başqa tərəfdən, bu gün Türkiyə kimi demokratiyası inkişaf etmiş, qanunları tamamilə Avropa standartlarına uyğun gələn, o cümlədən, Avropa İttifaqı üzvlüyünə namizəd olan bir ölkədə qanunlara və bütövlükdə, idarəetmə sisteminə nəzarət monitorinqlərinin keçirilməsi qərarının verilməsi son illər Avropada formalaşan, hətta ayaq tutub yeriməyə başlayan "xristian klubu"nun və ya xristian təəssübkeşliyinin rəsmiləşdirilməsi anlamını daşıyır. Siyasi təkəbbürlükdən doğan bənzər addım, həm də belə düşünməyə zəmin yaradır ki, Avropanın siyasi cameəsi rəsmi Ankaranı həmin qərarı ilə, bir növ, aşağılamağa, özündən aşağı səviyyədə göstərməyə cəhd edir.

Monitorinq qərarının ardınca, seçimin Türkiyədə deyil, Avropada olduğunu deyə bilərik

AŞPA həmin məsələdə yanlışlıq etməklə yanaşı, eyni zamanda, regionda siyasi sabitliyə xələl vura biləcək, yeni siyasi qalmaqallara yol açacaq addıma getməsinin də fərqinə varmalıdır. Çünki Türkiyə dövləti heç vaxt avropalıların bu ölkədə monitorinq aparmasına və göstərişlər verməsinə izn verməz. Bu dövlətin tarixlərdən bəri təməlli əsaslara söykənən milli maraqları və belə desək, sərt, keçilməz ləyaqət və şərəf formulası mövcuddur ki, həmin formulanı aradan qaldırmaq Avropaya müsbət heç nə verməyəcək.

Qısa haşiyə çıxaraq, bir xatırlatmanı etmək yerinə düşərdi. Belə ki, Türkiyənin AŞPA üzvlüyü ilə yanaşı, bu ölkənin uzun illərdir Avropa İttifaqına namizədliyi də mövcuddur. Bu məsələdə Rəcəb Tayyib Ərdoğan dəfələrlə öz iradlarını bildirərək, ölkəsinin Aİ-yə üzv edilməsi prosesinin qəsdən ləngidilməsi barədə çoxsaylı bəyanatlar verib. Məsələn, Suriya və İraqda baş verən müharibələrdən qaçan yüz minlərlə insanın, məhz Türkiyəyə sığınması üçün bu ölkənin rəhbərliyi ilə avropalı siyasilər arasında uzun danışıqlar aparılmışdı. Avropa İttifaqı Ərdoğana sözügedən istiqamətdə müəyyənləşdirilmiş rəqəmlərə söykənən maliyyə ayıracağını desə də, həmin vədinə xilaf çıxdı. Nəticədə, Türkiyə dövləti böyük çətinliklər bahasına suriyalı və iraqlı qaçqınları düşərgələrə yerləşdirərək, humanizm addımlarını davam etdirdi. Hətta Ərdoğan Avropa İttifaqını ədalətsizlikdə günahlandıraraq, Türkiyənin 55 ildir bu quruma üzv yazılması üçün namizəd olduğunu xatırladıb və belə davam edəcəyi halda, üzvlükdən imtina edəcəyini də istisna etməyib. Həmin fikirlərdən yalnız birini diqqətə götürək. SİTAT: "Avropa İttifyaqı ilk öncə güzgüdə özünə baxsın. Türkiyə 55 il əvvəl (bu fikirlər 2014-cü ildə səslənib-red.) Avropa İttifaqına üzvlük üçün müraciət edib. 10 il əvvəl 17 dekabr 2004-cü il tarixində müzakirələrə başlama qərarı alındı. Getdik imzaları atdıq. 55 ildir, xüsusilə, son 10 il ərzində bizim başımızı qatırlar. Biz Avropa İttifaqının qulu deyilik. Avropa İttifaqına qəbul etmirlərsə, etməsinlər. Bu sözlərimizdən narahat olurlar. Niyə narahat olursunuz? Siz Misirdə, Ukraynada, Suriyada, İraqda, Fələstində susdunuz. Nə vaxt ədalətli olacaqsınız?"

Göründüyü kimi, əgər Türkiyənin dövlət rəhbəri Aİ kimi quruma üzv olmaqdan imtina edəcəyini deyirsə, AŞPA da bu ölkə üçün, demək olar ki, ciddi qurum qismində qəbul edilə bilməz. Ancaq AŞPA-nın çıxış yolu var. Bu qurum ən azından, verdiyi qərarını dəyişməli və Türkiyəni siyasi nəzarətə götürmək iddiasından əl çəkməlidir. Əks-təqdirdə, Avropa Şurasının işində ciddi fəsadlar yaranacaq. Çünki Türkiyə kimi böyük dövləti itirməli olacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər