Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında bu mövzuda tədbir keçirlib
Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qərargahında "Heydər Əliyev irsi və İslam Həmrəyliyi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, Azərbaycanın son onilliklər ərzində bir çox sahələrdə qazandığı uğurlar, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır: "Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda, hər bir sahədə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırıldı, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu". Ulu Öndər Heydər Əliyevin dərin biliyi, yüksək idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərində yaranmış uçurum aradan qaldırıldı".
S.Əliyev qeyd edib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurvericidir: "İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali təcəssümü kimi təqdir olunmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Beynəlxalq idman tədbiri -İslam Həmrəyliyi Oyunlarının da may ayının 12-sində Bakıda keçirilməsi bütün islam dünyasının, eləcə də, digər ölkələrin diqqətini Azərbaycana cəlb edəcək".
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov da çıxış edərək, qeyd edib ki, Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc, tolerantlıq şəraitində yaşayıb və indi də yaşamaqdadırlar.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgə qazisi Mirqiyas Təhməzov çıxış edərək, regionlarda dini radikalizm meyillərinə qarşı aparılan maarifləndirici tədbirlərdən danışıb.
Tədbirdə Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Nazim Əliyev, Əlqulu Qardaşov və başqaları çıxış edərək, qeyd etmişlər ki, ölkədə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir.
Sədaqət BAYRAMOVA