PDF Oxu

Sosial

  • 29 221

DÖVLƏT AİLƏ SİYASƏTİNİN BANİSİ - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

DÖVLƏT AİLƏ SİYASƏTİNİN BANİSİ - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Hicran Hüseynova

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsinin sədri,

YAP Siyasi Şurasının üzvü

Bu il Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 94 il ötür. O, bu ömrü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir. Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün də gənclərə nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Ulu Öndər Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O qeyd edirdi ki, ".... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib". Milli, maddi və mənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir.

Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublukamızda müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli, BMT-nin "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Uşaq Hüquqları haqqında", "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında", "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. "Ailə kəndli təsərrüfatı haqqında", "Uşaq hüquqları haqqında", "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokolların təsdiq edilməsi barədə, "Ərdə olan qadının vətəndaşlığı haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Ahıllara sosial xidmət haqqında", "Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında", "Uşaqlı ailələrin sosial müdafiəsi haqqında" və digər Qanunlar qəbul edilmişdir.

Müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan, qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə, 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları", "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Burada əsas məqsəd belə həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda, onları sosial və iqtisadi həyatda iştiraka cəlb etməkdir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi", "Azərbaycan gəncliyi", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramıları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına" və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşır. Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbul olunmasında Mehriban xanım Əliyavanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tikilən xəstəxanalar, məktəblər, internat evləri qadınların və uşaqların sağlamlığının müdafiəsinə, onların daha keyfiyyətli təhsil almasına şərait yaratmışdır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında bu Fondun rolu danılmazdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən genosid haqqında məlumatların dünyaya yayılmasında və təbliğ olunmasında Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın rolu çox böyükdür. Artıq neçə illərdir ki, Azərbaycan həqiqətləri "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünya dövlətləri tərəfindən tanınır. Ulu Öndərin əziz xatirəsinə ehtiram olaraq yaradılmış Fond onun arzu və ideyalarının yaşaması və gerçəkləşməsində mühüm yer tutur.

Görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi ki: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır". Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyıir. Qadın-ana-xanım triadasının fəlsəfəsi özü-özlüyündə bu rolun mahiyyətini açır. O, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. O, dünyaya yeni insan bəxş edən, onu adət-ənənələrimizə, milli dəyərlərimizə uyğun böyüdən, tərbiyə edən anadır. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.

Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bizim malik olduğumuz əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə qorunur və gələcək nəsillərə ötürülür. Həmçinin, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr, informasiya, texnologiya dövrüdür, istər- istəməz bu prosesdən kənarda qalab bilmərik. Lakin, biz ailələrimizi - bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Elə, dahi şəxsiyyət Heydər Əliyev də uşaqların düzgün tərbiyə alması və sağlam böyüməsini xüsusi olaraq diqqətdə saxlayırdı. O deyirdi ki: "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır".

Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən-nəslə yaşadılır. Qeyd etmək istərdim ki, ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Çalışırıq ki, hər il Beynəlxalq Ailə günü ərəfəsində həmin ailələrin təcrübəsini, nümunə olmaq üçün, hamıya çatdıraq. Komitənin təşəbbüsü ilə 2008-ci ildən etibarən Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron, Şəmkir rayonlarında Lənkəran, Şəki şəhərlərində təşkil edilmişdir. Hər il "Ailə bayramında" Azərbaycanın bütün rayonlarından 100-dən çox ailələr iştirak edir. Bu gün ölkəmizdə xüsusi fərqlənən, nümunəvi və uzunömürlüyü ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya, xüsusən də gənclərə nümunədir. Və elə yeri gəlmişkən, qeyd edim ki, Komitə tərəfindən belə ailələrin, ümümiyyətlə, ailə dəyərlərimizin təbliği ilə bağlı "Azərbaycan ailəsi" kitabı çap olunmuşdur. Artıq 9 ildir ki Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, "Azərbaycan ailəsi" adlı filmlər festivalı uğurla həyata keçirilir. Filmlər festivalının keçirilməsinin əsas məqsədi, kinomatoqrafiyanın imkanlarından istifadə etməklə, ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır.

Ulu Öndər deyirdi: "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır". Biz bu fikri əsas tutaraq, daha çox perventiv və profilaktik tədbirlər keçiririk. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunların sırasında məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir. Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə ildə-ilə qanunvericilik bazasının daha da güclənməsi ilə yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik.

İnsanın mənəviyyatını hər şeydən uca tutan, daxili zənginliyini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifəni yerinə yetirməklə, Ulu Öndərin ruhunu da şad etmiş oluruq.

Digər xəbərlər