Nizami Cəfərov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşdıqdan, yaxud təşəkkül tapdıqdan sonra bir əsrdən artıq mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir ki, onun – azərbaycançılıq ideologiyasının təkamülünün, fikrimizcə, aşağıdakı beş mərhələsi mövcuddur:
1) XX əsrin 20-ci illərinin əvvəllərindən 30-cu illərinin sonlarına qədər;
2) XX əsrin 30-cu illərinin sonlarından 70-ci illərinin əvvəllərinə qədər;
3) XX əsrin 70-ci illərinin əvvəllərindən 80-ci illərinin sonlarına qədər;
4) XX əsrin 80-ci illərinin sonlarından XXI əsrin 10-cu illərinin əvvəllərinə qədər;
5) XXI əsrin 10-cu illərindən sonra…
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi XXI əsrin 10-cu illərinin əvvəllərindən başlayır. Və bizim günlərdə həm inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək (və təkmilləşərək) davam edir…
Müşahidələr (və araşdırmalar) göstərir ki, müasir mərhələdə – İlham Əliyev mərhələsində azərbaycançılıq ideologiyasının təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi, həmin ideologiyanın tarixinə (bu tarixin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə) elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır.
Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa o cür araşdırılıb öyrənilsin, xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi- halları haqqında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli Sərəncamı ilə "türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən… görkəmli ictimai xadim" Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin (və Prezident İlham Əliyevin), ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin göstəricisidir. Və bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları (xüsusilə, azərbaycançılıq ideologiyasının banilərindən biri olan, uzun illər adının çəkilməsi belə qadağan edilmiş Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqındakı sərəncamı) barəsində də demək olar. Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmağa; ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, onun polifoniyasını təmin etməyə; üçüncü tərəfdən isə, milli ideologiyanın köklərini, mənbələrini (və ümumən tarixini!) onun müasir təzahür texnologiyaları ilə üzvü vəhdətdə – bir bütöv halında təsəvvür eləməyə münbit (və rəsmi!) şərait yaradır.
Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə, yəni Ulu Öndər Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilmiş, az- çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya "simasızlaşdırılmışdır"… Xaricdə (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir… Və bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ (aqressiv!), həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) yolları ilə məhz sovet-sosialist ideologiyası kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan silmək mümkün olmamışdır.
Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev mərhələsinin ikinci mühüm əlaməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual- analitik həssaslıqla yanaşılmasıdır. Və bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki - üçüncü və dördüncü təkamül mərhələsinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirmişdir.
Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir. Və heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda "heydərəliyevçilik" anlayışı "azərbaycançılıq" anlayışının yeni tarixi şəraitdəki məzmununu (və mahiyyətini!) ifadə edir. İstər sovet dövründəki məlum (və mürəkkəb!) şərtlər daxilində, istərsə də müstəqillik dövrünün ondan heç də az mürəkkəb (və ziddiyyətli!) olmayan illərində ümummilli lider Azərbaycanı Azərbaycan və Azərbaycan xalqını Azərbaycan xalqı edəcək bütün milli mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün hər cür tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə (və qürurla!) "bizim siyasətimiz – bizim işimizdir" deməsinə əsas verə bildi.
Üçüncü mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsidir. Bu məsələ ona görə çox əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuşdur. Və bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının, mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır.
Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi- mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Prezident İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.
Eyni zamanda bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial- siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb, mərhələnin (və dövrün) tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin nəticəsidir.
Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərindən dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.
Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!) ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində (fəlsəfəsində və ya metafizikasında) üç tamamilə humanist (və insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, "müdaxiləsiz" yaratdığı!) dəyər komponenti ifadə olunur:
1) etnik mənsubiyyət;
2) dini mənsubiyyət;
3) dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu (və onu yaradan) xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir…
Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun müsbət nəticələrini görməmək mümkün deyil.
Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz (hətta min!) illərlə necə məskun olmuşdursa bu gün də məskundur… Ona görə də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət- ənənələrin daşıyıcısıdırlar. Və onların eyni bir dilləri – Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur…
Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani (ümumbəşəri!) bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır…
Azərbaycan xalqının (və insanının) dünyanın inkişaf etmiş xalqları (və insanları) ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə (və onun uğurlu nəticələrinə), fikrimizcə, altıncı əlamət kimi baxmaq olar. Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!) belə bir kompleks olmuşdur. Ziyalıların öz ana dillərindən (və prinsip etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif əcnəbi dillərdə danışıb yazmaları, özlərinə əcnəbi soyad formaları qəbul etmələri və s. həmin "gerilik" kompleksinin təzahürləri (və nəticələri) idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi… Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Və milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, "yeni rəmzlər"ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir. Və bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır…
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yeddinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan - Dünya dialoqunun zəngin təcrübəsinin qazanılmasıdır. Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, "özümüz deyib, özümüz eşidək" prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan (və dünya) təfəkkürü mövqeyindən görünüb etiraf olunur… Tarixi (və cari) rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli "laboratoiyalar"da hazırlanmış məkrli planlarını alt-üst edir…
Beynəlxalq dialoqlara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir…
Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə (və özünütəsdiq) metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmamışdır…
Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyunkturluluğu ilə tanınan dünyanın "haqq-hesab"ından kənarda qalıb təcrid olunmaması, çox güman ki, doqquzuncu əlamətdir. Və bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı "gözlənilməz" ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) "immunitetlər"i qazanmışdır…
Nəhayət, azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.
Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.