DSX-də Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə bağlı Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib. DSX-nin Mətbuat Mərkəzindən "SƏS"ə daxil olan məlumata görə, Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, önünə tər çiçək dəstələri düzüblər.
Mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətindən danışıblar. Qeyd olunub ki, Zərifə xanım Əliyeva övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevə vəfalı ömür-gün yoldaşı, sadiq dost və silahdaş olmaqla yanaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi-tədqiqatları ilə oftalmologiyanın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim idi.
Həmçinin, Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbi olduğu, yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlərlə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı xüsusi olaraq vurğulanıb.
Tədbirin sonunda "Heydər Əliyev. Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş etdirilib.
R.RƏSULOV