Xaçmazda görkəmli oftalmoloq-alimin 94-cü ildönümü qeyd olunub
Xaçmaz rayon icra hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir Xaçmaz şəhər akademik Zərifə xanım Əliyevanın adını daşıyan 8 saylı məktəb liseyin qarşısında ucaldılmış abidənin önünə gül dəstələri qoymaqla başlayıb.
Tədbirdə RİH başçısının müavini İlhamə Nəzərova, YAP Xaçmaz rayon təşkilatı sədrinin müavini Abasyar Heydərov, YAP Xaçmaz rayon təşkilatı İdarə heyətinin üzvü, Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, əməkdar müəllim 8 saylı məktəbin direktoru Nurcahan Abasova, Sevil Nağıyeva çıxış edərək, Zərifə Xanım Əliyevanın həyat və fəaliyyətindən geniş məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır: "Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Həmçinin, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya eminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın geniş dünyagörüşünə şəxsiyyət olması qənaətinə gəlmək olur".
Sonra məktəblilərin çıxışları dinlənilib. Tədbir həmin məktəbdə fəaliyyət göstərən Zərifə xanım Əliyevanın adını daşıyan muzeyə baxış keçirilməklə başa çatıb.
Rövşən RƏSULOV