PDF Oxu

Sosial

  • 1 310

Bakı dostluq, sülh və mədəni müxtəliflik məsələlərinə töhfəsini verəcək

Bakı dostluq, sülh və mədəni müxtəliflik məsələlərinə töhfəsini verəcək

Paytaxtımızda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq prosesinin təşviqidir

Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib.

Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. Paytaxtımız mayın 4-6-da daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.

Qeyd edək ki, bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" ilə qoyulub. Ölkə başçısının Fərmanı ilə forumun iki ildən bir keçirilməsi qərara alınıb və Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla, dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

FORUM ARTIQ MƏDƏNİYYƏTLƏRARASI DİALOQ PLATFORMASINA ÇEVRİLİB

7-9 aprel 2011-ci il tarixində Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda I Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Forum artıq mədəniyyətlərarası dialoq platformasına çevrilib və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirir. Növbəti forumun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir.

Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır. Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: "Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var".

İNSANLARIN BÜTÜN DÜNYADA SÜLH VƏ QARDAŞLIQ ŞƏRAİTİNDƏ YAŞAMASI ÜÇÜN MƏDƏNİYYƏTLƏRARASI DİALOQ, MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ İNKİŞAFI MÜTLƏQDİR

Müasir dünyada ayrı-seçkiliyin, təcrid olunmanın aradan qaldırılması birgə səylərin zəruriliyini ortaya qoymuş olur. Bu baxımdan, mədəniyyətlərin və dinlərin, müxtəlif baxışların tətbiq edilməsi vacib məsələlərdəndir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan birgəyaşayışa çağırışlar edir, sülhün və həmrəylinin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini vermiş olur. İki il bundan əvvəl keçirilən 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunda davamlı inkişaf və qlobal təhlükəsizliyə nail olmaq üçün irəliləyişə əngəl törədən bir sıra problemlər müzakirə edildi.

FORUM CANLI OLARAQ 8 DİLDƏ BMT-NİN SAYTI VASİTƏSİLƏ YAYIMLANACAQ

3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başladığı gündən üç həftə sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Bu gün isə həmin tarixdən iki il sonra, ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycan Prezidentinin vurğuladığı kimi, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq".

Bəli, bu gün paytaxtımız beynəlxalq tədbirləri qəbul etmək ərəfəsindədir. İslam Həmrəyliyi Oyunları, "Formula-1" Yarışları. 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun isə lap astanasındayıq. Sabah paytaxtımızda öz işinə başlayacaq 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı olduqca zəngindir.

Forum, canlı olaraq, 8 dildə BMT-nin saytı vasitəsilə yayımlanacaq. Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil olunacaq.

Forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslar və panel sessiyalar keçiriləcək. Həmçinin, builki forumda parlament rəhbərləri də iştirak edəcək.

Paytaxt Bakı forum çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş olacaq. Bu forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirir və mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər