PDF Oxu

Sosial

  • 1 269

Azərbaycan növbəti dəfə beynəlxalq aləmin mərkəzi rolunda

Azərbaycan növbəti dəfə beynəlxalq aləmin mərkəzi rolunda

TEZİS ƏSASINDA

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizdə keçiriləcək

Bəlli olduğu kimi, 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Qeyd edək ki, növbəti dünya əhəmiyyətli nəhəng tədbirin keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Belə ki, ölkə başçısı beynəlxalq aləmdə mühümlüyü ilə seçilən, bir sıra tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da Azərbaycanda keçirilməsi istiqamətində təşəbbüs göstərib və bu faktor, bir daha təsdiq edir ki, ölkəmiz dünyanın ictimai-siyasi, eləcə də, sosial inkişafı baxımından mərkəz rolunu oynayır. Həmçinin, Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.

Qeyd edək ki, forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO kimi beynəlxalq təşkilatlardır.

Ümumiyyətlə, Azərbaycanın mərkəz rolu alması həm də xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələrinin bariz nəticəsidir ki, bu amil dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilmişdir.

Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu, öz növbəsində, mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davaml inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də, dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.

Öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları birləşdirəcək forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək

Xatırladaq ki, beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və s. birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə, 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq, BMT, bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər