Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə ümumrayon tədbiri keçirilib
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayonunda keçirilən silsilə tədbirlərə yekun vurulub. Bu baxımdan, "Həmrəyliyimiz birliyimizdir" mövzusunda ümumrayon tədbiri keçirilib.
Dövlət himninin səslənməsindən sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb: "Hər bir azərbaycanlının taleyində Ulu Öndər Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində, məhz Dahi Öndər Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək, müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir".
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıb. Bildirib ki, ömrünü xalqımızın və dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə çıxış edərək, bildirib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də dahi rəhbər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, respublikanın parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı, məqsədyönlü siyasət nəticəsində, Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu".
Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə keçirilmiş futbol, voleybol, breyn-rinq, şahmat, güllə atıcılığı, stolüstü tennis, rəsm, inşa, bədii qiraət müsabiqə və yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi olub. Birinci yerin qaliblərinə kuboklar, medallar və diplomlar təqdim edilib.
Daha sonra bir qrup gənc YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman və diplomlarla təltif ediliblər. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edilib, yeni partiyaya qəbul edilmiş gənclərə vəsiqələr verilib.
Afət TAHİRQIZI