Bu mövzuda Səbail rayonunda maarifləndirici tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə "Donorluq mədəniyyətinin inkişafında gənclərin rolu" adlı maarifləndirici tədbir keçirilib.
Qərb Universitetində keçirilən və "8 May - Beynəlxalq Talassemiya Günü"nə həsr olunan tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov məlumat verib ki, mayın 5-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Səbail rayonunda qanvermə aksiyası keçiriləcəkdir: "Bu gün Azərbaycanda talassemiya xəstəliyi ilə mübarizə aparmaq istiqamətində ciddi addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin tikilib istifadəyə verilməsi, Cənab Prezident İlham Əliyevin "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramını təsdiq etməsi dediklərimizin əyani sübutudur. Hər bir şüurlu vətəndaş mövqeyinə malik olan insan bu xeyirxah işə öz töhfəsini verməlidir".
Daha sonra qan donorluğunun təşviqinə həsr olunan videofilm nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Gülgün Abbasova bildirib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 200 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi var: "Hər il respublikamızda 100-dən artıq uşaq bu xəstəliklə doğulur. Hemofiliya və talassemiya xəstələrindən başqa, ümumiyyətlə xəstəxanada müalicə olunan hər on xəstədən birinə mütləq qan köçürülməsi tələb olunur".
Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti, YAP Səbail "Xalçaçılar" ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsul, Mərkəzi Qan Bankının həkim-terapevti Günel Əliyeva çıxış edərək qanvermənin insan səhhətinə təsiri, qan donorluğunun qan xəstəliyindən əziyyət çəkən insanlar üçün nə dərəcəsə həyati əhəmiyyət kəsb etməsi haqqında danışaraq, ölkəmizdə "Talassemiyasız həyat" şüarı altında həyata keçirilən tədbirləri xüsusi qeyd ediblər.
Tədbir iştirakçılarını və Səbail rayonunun bütün sakinlərini mayın 5-də YAP Səbail rayon təşkilatının qərargahında keçiriləcək və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edən rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Yeni Azərbaycan Partiyası üzvlərinin, xüsusilə, bu partiya sıralarında cəmləşən gənclərin hər zaman bu səpkidəki xeyirxah aksiyalarda fəal iştirak etdiyini vurğulayıb.
Tədbirin sonunda gənclərin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Rövşən NURƏDDİNOĞLU