Rusiyalı hərbi ekspert erməni jurnalistin vahimədən çıxması üçün proqnozunun yalnız bir yerində yalan danışmağa məcbur olub
"Azərbaycan son həftələrdə hərbi təlimlər keçirərək, hərbi birləşmələrinin hazırlığını yoxlayır. 16-21 apreldə Azərbaycanın Silahlı Qüvvələri böyük miqyaslı mənzil-qərargahlı hərbi təlimlər keçirərək, bu təlimlərə 30 min hərbi qulluqçunu, 250 tankı və zirehli texnikaları, 200-ə qədər zenit-raket komplekslərini, 25 hərbi təyyarəni, radioelektron kəşfiyyatının yeni qurğularını, pilotsuz təyyarələri və s. silah növlərini cəlb edib".
Bu kimi xəbərləri Ermənistan KİV-ləri təlaşla qeyd edirlər. Düşmən ölkə demək olar ki, Azərbaycanda keçirilən hərbi təlimlərdən narahat olduqlarını aşkar şəkildə büruzə verməkdədirlər. Hətta buna görə bir sıra hərbi ekspertlərə də suallar ünvanlayan ermənilər həmin ekspertlərin hətta ermənipərəst olmalarına rəğmən, Azərbaycan Ordusunun güclü və qüdrətli olması ilə bağlı etiraflarını böyük xəyal qırıqlığı ilə yazmalı olurlar.
"Mayın 1-də Azərbaycan Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi taktiki təlimlərə başlayıb və burada koordinasiya məqsədi ilə təcrübə mübadilələri aparılıb. Lakin bununla yanaşı, bütün bunlar qonşuya güc nümayiş etdirmək məqsədini daşıyır". Bu barədə Ermənistanın birinci informasiya saytına (1in.am) Moskva İctimai-Siyasi Araşdırmalar Mərkəzinin prezidenti, hərbi ekspert Aleksey Maxlay danışıb.
"Əvvəlcə Azərbaycan Silahlı Qüvvələri komanda-qərargah təlimləri keçirib, indi isə operativ-texniki hərbi təlimləri keçirməkdədir. Hərbi təlimlərin keçirilməsinin qaydası bu cürdür. Bu, silahlı qüvvələrin hazırlığı məqsədini daşıyır. Gücün nümayişi aşkardır, eyni zamanda, Ermənistanın hazırkı vaxtda öz silahlı qüvvələrini hərbi hazırlığa gətirməsi doğru qərardır. Bunu regiondakı vəziyyət diktə edir"-deyə hərbi ekspert bildirib.
A.Maxlay, buna baxmayaraq, Azərbaycan və Türkiyə hərbçilərinin hərbi təlimlərinin Ermənistanla hərbi münaqişəyə səbəb olacağını düşünmədiyini deyib. Halbuki Qarabağ ərazisində müharibə şəraitinin olmasını hər iki tərəf qəbul edir.
Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri son illərdə kifayət qədər tərəqqi edib.
Aleksey Maxlay yəqin unudub ki, NATO üzvü olan bir sıra ölkələr alyansa üzv olmayan ölkələrlə hərbi yardımlaşma və əlaqələr qurur
Rusiyalı hərbi ekspert fikrinin yalnız bir yerində ermənilərin mövqeyindən çıxış edərək, guya Azərbaycan hərbçilərinin döyüş ruhunun ermənilərdən aşağı olmasını sərsəmləyib və hərbi texnikanın insanlar tərəfindən idarə olunduğunu bildirərək, erməni jurnalistinin vahimədən çıxmasına çalışıb. Görünür, onun Azərbaycan Ordusunun tərəqqisini etiraf etməsi erməni jurnalistini, həqiqətən də, qorxuya salıb.
Lakin Maxlay Türkiyə ilə bağlı da əsassız fikir irəli sürərək deyib ki, bu ölkə NATO üzvü olduğuna görə, alyansın qanunlarını pozaraq, Azərbaycanla birgə hərbi təlimlər keçirib. A.Maxlay yəqin unudub ki, NATO üzvü olan bir sıra ölkələr alyansa üzv olmayan ölkələrlə hərbi yardımlaşma və əlaqələr qururlar.
Suallar bu dəfə rusiyalı hərbi ekspertlərə deyil, Ermənistanın prezidenti Serj Sarkisyana ünvanlanmalıdır
"Türkiyəli hərbi təlimatçılar çoxdandır Azərbaycandadırlar və orada Azərbaycan silahlı qüvvələrinin hazırlıqlarında fəal iştirak edirlər. Bundan əlavə, Türkiyə bənzər hərbi təlimlərini Gürcüstanla da keçirir. Yeri gəlmişkən, mövcud hərbi təlimlərdən sonra, artıq Gürcüstan-Türkiyə və Azərbaycan arasında üçtərəfli hərbi təlimlər keçiriləcək..."
Göründüyü kimi, fakt budur ki, işğalçı ölkə mediası ciddi təlaşdadır və bu təlaşların əbəs yerə yaranmaması da göz önündədir. Hər halda, bütün suallar bu dəfə rusiyalı hərbi ekspertlərə deyil, Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmalıdır. Birinci sual isə belə olmalıdır - İşğalçı qüvvələr Azərbyacan ərazilərini nə zaman öz xoşları ilə tərk edəcəklər? Yəqin ki, bu sualın cavabı verilməsə, güclü ordumuz həmin tarixi daha öncədən müəyyənləşdirməli olacaq!
RÖVŞƏN NURƏDDİNOĞLU