"Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Eləcə də, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil". Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, bu gün ölkəmizdə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Respublikasında söz və mətbuat azadlığının təmin olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Millət vəkili xatırladıb ki, Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu Öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu Öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu, 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı"nını təsdiq olunması, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması, bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, sonradan isə ləğv edilməsi, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurasının yaradılması və bu kimi digər əhəmiyyətli addımlar Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın problemlərinin həlli ilə bağlı da çox ciddi addımlar atıldığını və müvafiq tədbirlər görüldüyünü xatırladan baş redaktor deyib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı ciddi əsaslara malikdir. Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan mətbuatında söz və fikir azadlığının təmin olunmasının konstitusion əsasları var. "Siyasi iradə də ölkə mətbuatının azadlığını müdafiə edir. Hesab edirəm ki, ölkəmizdə çətin elə bir adam tapılsın ki, öz fikrini, sözünü azad ifadə edə bilmədiyini söyləsin. Belə bir şəraitdə düşünürəm ki, doğrudan da, Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olub. Vəzifə mövqeyindən asılı olmayaraq, hamı istənilən məsələ haqqında müxtəlif qəzetlərdə fikirlərini sərbəst şəkildə ifadə edir", - deyə Hikmət Babaoğlu vurğulayıb.
Bir sıra islamofob, imperialist mərkəzlərin təlimatları ilə fəaliyyət göstərən, təzyiq qrupları kimi çıxış edən beynəlxalq təşkilatların Azərbaycanda mövcud olan söz və mətbuat azalığı, ölkə mediasının inkişafı ilə bağlı bəzən həqiqətdən uzaq, qərəzli fikirlər, bəyanatlar səsləndirdiyini xatırladan H.Babaoğlu əlavə edib ki, bu cür bəyanatlar Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. "Ölkəmizdə intellektul-mədəni cəmiyyət formalaşıb. Hər hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanın çox güclü media ordusu var və Azərbaycan mediası qlobal informasiya məkanında nə baş verdiyini - hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə xidmət etdiyini dərk edir. Üstəlik, bu prosesləri obyektiv şəkildə Azərbaycan cəmiyyətinə "tərcümə edir". Ona görə də, imperializmə xidmət edən "yumşaq güc" vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla hədəfə sərrast atəş aça bilirlər. Onların açdığı atəş "bumeranq" effekti ilə özlərinə dönür. Çünki atəşin kim tərəfindən nə məqsədlə açıldığı Azərbaycan ictimaiyyətinə bəllidir", -deyə millət vəkili vurğulayıb.