Şəmsəddin Hacıyev: "Hər hansı qüvvələrin ölkəmizdə təxribat yaratmaq cəhdləri baş tuta bilməz"
Azərbaycan təkcə zəngin təbii sərvətlərə malik ölkə kimi deyil, həm də tolerant, böyük mənəvi dəyərlərin hökm sürdüyü, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu bir dövlət kimi bütün dünyada tanınır. Son illərdə dünyada baş verən iqtisadi-siyasi hadisələri, kataklizmləri təhlil etsək, görərik ki, dünyada sülhün, təhlükəsizliyin qorunmasında dövlətimiz böyük rola malikdir və dünyanın ən təhlükəsiz ölkəsi kimi əsas istinad mərkəzidir. Təsadüfi deyil ki, bütün dünya üçün xüsusi əhəmiyyətə malik olan beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın atdığı bütün addımlar supergüclər tərəfindən təqdir olunur, dövlətimizin güc sahibi olduğunu etiraf edirlər. Həmçinin, ölkəmiz müsəlman dövlətləri arasında həmrəyliyin qorunmasına böyük töhfələr verib. Bu ayın 12-22 arası keçiriləcək İslam Həmrəyliyi Oyunları müsəlman dövlətləri arasındakı birliyi daha gücləndirəcək və ölkəmizin bütün dünyadakı əhəmiyyətini daha da artıracaq. Lakin ölkəmizin günbəgün artan nüfuzundan bəzi xarici təxribatçı dairələr məyus olublar, eləcə də, bu təxribatçı dairələrin əlaltısına çevrilən dağıdıcı müxalifət inkişafımızı həzm edə bilmir. Buna görə də, dağıdıcı müxalifət rəhbərləri şantaj xarakterli materiallar yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər. Heç şübhəsiz ki, vaxtilə Azərbaycanda iqtidarda olan, xalqımızın dədə-baba torpaqlarını ermənilərə peşkəş edən, dövlət büdcəsini tamamilə talayan bu şəxlsərin məkrli planları heç vaxt reallaşmayıb və reallaşmayacaq. Dağıdıcı müxalifət Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində də cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır. Hətta AXCP və Müsavat rəhbərləri, eləcə də, "Nida" üzvləri təxribatçı informasiyalar yayaraq, insanları dövlətə qarşı çıxmağa, qanunları tapdalamağa səsləyirlər. Seçkidən-seçkiyə "aktiv"ləşən dağıdıcı müxalifət ölkəmzidə keçirilən beynəlxalq tədbirlər zamanı da öz xislətini nümayiş etdirib. Bəs dağıdıcı müxalifətin İslam Həmrəyliyi Oyunları ərəfəsində anti-Azərbaycan addımlar atması, təxribatçı materillar yayması, ölkəmizin imicinə zərbə vurmağa cəhd etməsi nə vəd edir? İslam Həmrəyliyi Oyunları ərəfəsində dağıdıcı müxalifətin belə bir mövqe tutmasının səbəbi nədir? Dağıdıcı müxalifətin guya ölkəmizdə tezliklə xaos vəziyyətinin yaranacağı ilə bağlı bəyanatlar verməsinin arxasında hansı maraqlar dayanır?
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan hazırda elə bir qüdrətli dövlətə çevrilib ki, hər hansı qüvvələrin ölkəmizdə təxribat yaratmaq cəhdləri baş tuta bilməz: "Bu heç bir halda mümkün deyil. Bununla belə, biz daim ayıq-sayıq və diqqətli olmalıyıq. Təkcə hüquq-mühafizə orqanları deyil, bütün vətəndaşlarımız son dərəcə diqqətli olmalıdırlar. Heç bir qüvvə ölkəmizdəki əmin-amanlığa xələl gətirə bilməz. Azərbaycanda hökm sürən siyasi sabitlik bizim ən böyük dəyərimizdir. Belə təhdidləri çox görümüşük, amma niyyətləri yerinə yetməyib. Əsasən, xarici təxribatçı qüvvələrin maliyyə dəstəyi ilə ölkəmizdə anti-Azərbaycan planlarını reallaşdırmaq istəyirlər. Lakin heç vaxt onların niyyətləri baş tutmayıb. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə həyata keçirəcəyik. Bütün dünyanın diqqəti ölkəmizdə olacaq. Bu oyunlar islam ölkələri arasında həm birliyi gücləndirəcək, həm də Azərbaycanın tolerant, multikultural dəyərlərin ən yüksək səviyyədə mövcud olduğu bir dövlət olduğunu sübut edəcək".
Samir