PDF Oxu

Sosial

  • 1 333

Rusiya-Türkiyə yaxınlaşması erməniləri vahiməyə salıb

Rusiya-Türkiyə yaxınlaşması erməniləri vahiməyə salıb

1in.am: "Həm Bakıda, həm də Ankarada ümidvardırlar ki, onların səyləri gec, ya da tez Kreml tərəfindən də dəstəklənəcək"

"Rusiyanın dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşləri bir sıra diplomatik jestlərlə müşahidə olundu. Konkret olaraq, Türkiyəyə qarşı Rusiyanın tətbiq etdiyi sanksiyaların aradan qaldırılması, eləcə də energetika sahəsində əməkdaşlıq barədə razılaşmalar əldə olundu". SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytında Rusiya və Türkiyə dövlət başçılarının Soçidəki görüşlərini əks etdirən analitik yazıda qeyd olunub.

Adıçəkilən erməni media qurumu hər iki ölkə arasındakı yaxınlaşmadan narahatlıq keçirdiyini gizlətməyərək, analitik yazıda nəzərləri Qarabağ problemi üzərinə yönəltməyə çalışır və hətta rusiyalı və türkiyəli ölkə rəhbərlərinin görüşlərinin Ermənistan üçün yaxşı heç nə vəd etməyəcəyini də proqnozlaşdırır.

"Putinlə Ərdoğanın anti-Qərb baxışları onları bir sıra məsələlərdə, eyni zamanda Suriya problemində bir araya gətirib..."

Məsələn, analitik yazıda prezidentlərin həlledici danışıqlarının Suriya böhranı olduğu deyilsə də, sonradan bu məsələnin Qarabağ probleminə yönəlməsi üçün ortaya atıldığı görünməkdədir. SİTAT: "Türkiyə prezidenti deyib ki, Suriya böhranı hər iki ölkənin ümumi kədəridir. Prinsipcə, Türkiyə və Rusiya Suriyada müxtəlif, hətta bir-birinə zidd maraqlarla hərəkət edirlər. Necə ki, bu amil Bəşər Əsədin rəhbəri olduğu ərəb ölkəsindəki siyasi perspektivlərdə, eləcə də kürd faktorunda özünü göstərir. Başqa tərəfdən, Putinlə Ərdoğanın anti-Qərb baxışları onları bir sıra məsələlərdə, eyni zamanda Suriya problemində bir araya gətirib..."

Mövzu Qarabağ münaqişəsinə tərəf yönəldilir və ya Rusiyanın Azərbaycanla yaxınlaşması da ermənilər üçün "separat" təsiri bağışlayır

Erməni saytı daha sonra məsələyə Qarabağ münaqişəsi mövqeyindən yanaşma edərək yazır: "Rusiya-Türkiyə əməkdaşlığı Qarabağ münaqişəsinin həll olunması prosesində də istifadə edilə bilərmi, çünki Cənubi Qafqaz əsrlərdir ki, bu iki ölkə arasında həm regional qarşıdurmalara səbəb olub, həm də problemlərin çözülməsi üçün bir sıra məsələlərdə onlar arasındakı "qənimətlər" "qardaş" bölgüsü ilə bölünüb".

Beləliklə, siyasi analitik yazının məğzini, məhz Suriya problemi üzərindən Qarabağ münaqişəsinə doğru yönəldən erməni analitikinin yazısında qeyd edilir ki, rəsmi Bakı ilə Ankara arasında aşkar dəstəkli siyasət Qarabağ məsələsinin onların (daha dəqiqi, Azərbaycanın-R.N.) tələbi çərçivəsində həll olunmasına zəmin yaradır. Həmçnin, Rusiyanın Azərbaycanla yaxınlaşması da ermənilər üçün "separat" təsiri bağışlayır. SİTAT: "Həm Bakıda, həm də Ankarada ümidvardırlar ki, onların səyləri gec, ya da tez Kreml tərəfindən də dəstəklənəcək. Ötən ilin aprel müharibəsi də böyük hesabla Rusiya siyasətinin, rusiyalılarla-azərbaycanlılar arasındakı separat razılaşmaların nəticəsidir..."

Siyasi kəbin - ermənilər Ermənistanın "arvad", Rusiyanın isə "ər" rolu almasını açıq şəkildə etiraf edirlər

Göründüyü kimi, Ermənistanın Rusiyadan tam şəkildə asılı qalması, artıq bu ölkənin Şimal qonşumuzun quberniyası olduğunu aşkar şəkildə göstərir. Daha dəqiq desək, ermənilərin Rusiya-Türkiyə danışıqları prosesinin ardınca, Azərbaycan faktoruna da qısqanclıqla toxunmaları Ermənistanın Rusiya ilə siyasi kəbində olduğunu, daha dəqiqi isə, istənilən siyasi proseslərdə Ermənistanın "arvad", Rusiyanın isə "ər" rolu almasını açıq şəkildə göstərir.

Bu baxımdan, adıçəkilən erməni media qurumu Rusiya-Türkiyə münasibətlərinin bərpasında Bakının roluna xüsusi yanaşır. "Azərbaycan hakimiyyəti Rusiya-Türkiyə münasibətlərinin bərpasından, yeni əməkdaşlığından və bu əməkdaşlığın dərinləşməsindən məmnunluq hissi duyur"-deyə həmin yazıda qeyd olunur.

Ermənistanın yalnız kağız üzərində müstəqil dövlət olduğu dəfələrə öz təsdiqini tapıb

Erməni saytı bütün baş verənlərdə əsas olaraq, Ermənistan hakimiyyətini günahkar sayır və yazır ki, ölkənin siyasi elitası əlində olan mümkün xarici siyasətini fəal şəkildə yürütməlidir. Belə ki, bugünkü Ermənistan-Rusiya münasibətlərinin vassal xarakteri, yəni ölkənin Rusiyadan asılı vəziyyətdə qalması nəticə etibarilə ermənilərin Rusiya-Türkiyə arasındakı "bal ayı"nın qurbanlarına çevriləcəyinə səbəb olacaq.

Beləliklə, fakt budur ki, artıq Ermənistan, həqiqətən də, yalnız kağız üzərində müstəqil ölkə kimi göstərilir və bu ölkənin Rusiyanın nökəri, qulu, hətta "arvadı" olması faktoru elə onların öz dilləri ilə etiraf olunur.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər