Bu gün Azərbaycan dünyada ən inkişaf etmiş dövlətlərdəndir. Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasəti dövlətin gələcəyinə uğurla və inamla möhkəmlənməsinə şərait yaradır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı zaman dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə əlverişli şərait yaradıb. Bu inkişaf və uğurlar Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Zaman keçdikcə, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması, bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə və Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli- ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir və dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin geniş vüsət alması, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin - "Vətən" cəmiyyətinin yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlardan idi. İlk növbədə isə, respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq, onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Müstəqillik qazanmış dövlətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə, Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd və vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyi nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli Lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Bu gün I qurultaydan 16 il ötür. Bu illər ərizində Azərbaycan diaspor təşkilatları daha da formalaşıb, coğrafi məkanı genişlənib. Bu gün 450-dən çox diaspora təşkilatı dünya ölkələrində Azərbaycanın maraqlarına xidmət edir. Xarici ölkələrdə 92 diplomatik nümayəndəliyin, 60 səfirliyin olması Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmasında, Vətənin səsinin dünyanın istənilən qitəsindən eşidilməsində rolu danılmazdır. Müasir dövrümüzdə dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıb. Ulu Öndər Heydər Əliyevin diaspor quruculuğunda qoyduğu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti bu gün Prezident İlham Əliyevin fəaliyyətində davam etdirilir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, habelə, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Bu gün azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur, bir sıra ölkələrdə isə parlament üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi, Azərbaycana layiqincə xidmət arzusu dayanır.
Ötən il keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında irəli sürülən ideya və təkliflər gələcəkdə dünya azərbaycanlılarının fəaliyyətinə, vətən naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək baxımından stimul oldu. Qarşıya qoyulan məsələlər onların gələcək fəaliyyət yollarını müəyyənləşdirdi. Belə ki, qurultayın açılışında nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev dünyaya səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. Dünya Azərbaycanlılarının Vətənlə əlaqəsinin daha da güclənməsi, Vətənlə əlaqələrin sıx olmasını tövsiyə etdi. XX yüzillik informasiya əsri olduğu zamanda informasiya müharibəsinin, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi də əsas mövzu olaraq diqqətdə saxlanıldı və yeni təkliflər irəli sürüldü. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində təbliğat mexanizminin gücləndirilməsi üçün lazım olan müasir metodların və informasiya texnologiyalarının tətbiqinin zəruriliyi qeyd olunub. Xarici media qurumları ilə işimizin o qədər də yaxşı qurulmadığını qurultay iştirakçılarının diqqətinə çatdıran Cənab İlham Əliyev burada da əsas rolu diaspor təşkilatlarının oynadığını bildirdi.
Prezident İlham Əliyev müasir dövrün reallıqları baxımından diaspor təşkilatları yaşadıqları ölkələrdə internet saytlarını açmaları təklifini irəli sürdü: "O, internet saytları yaşadıqları ölkələrin ictimaiyyəti üçün maraqlı olmalıdır, eyni zamanda, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Bu proses daim aparılmalıdır. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun".
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərmələrinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da, öz növbəsində, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının məntiqi nəticəsidir. Müasir dövrümüzdə Azərbaycan diasporunu gərgin işlər gözləyir.
Nəzakət ƏLƏDDİNQIZI