PDF Oxu

Sosial

  • 1 901

YAP Pirallahı rayon təşkilatının I konfransı keçirilib

YAP Pirallahı rayon təşkilatının I konfransı keçirilib

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!

Dünən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının I konfransı keçirilib. Konfrans iştirakçıları, ilk olaraq YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və eləcə də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra təsis konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat əsasında hazırlanmış video-çarx nümayiş etdirilib. Hesabatda bildirilib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya ötən 24 il ərzində öz məqsədlərinə çatmaq üçün uğurla fəaliyyət göstərib. Çətin sınaqlardan müvəffəqiyyətlə çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır, cəmiyyətimizdə özünəməxsus aparıcı yer tutub, ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində və referendumlarda inamlı qələbələr qazanıb. YAP-ın aparıcı rayon təşkilatlarından olan Pirallahı rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz rolu və öz payı vardır. YAP-ın Pirallahı rayon təşkilatı rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan sadiqliyinin, səmimi münasibətlərinin ifadəçisinə çevrilib. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 17 iyul 2013-cü il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında baş tutmuş Təsis Konfransında yaranıb. O zaman rayon təşkilatının sıralarında 3 162 nəfər üzv vardı. Ötən dörd il ərzində rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənib. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı çoxsaylı müraciətləri nəzərə alaraq, keyfiyyət prinsipinə üstünlük verməklə, hesabat dövrü ərzində 1671 nəfər rayon sakinini partiya sıralarına qəbul etmiş, beləliklə, üzvlərinin sayını 35% artıraraq, 4833 nəfərə çatıb. Sevindirici haldır ki, təşkilatın üzvlərinin üçdə birindən artığını gənclər təşkil edir. Bu gün onların sayı 1669 nəfərdir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında ciddi artım olub və bu gün qadın partiyaçıların sayı 1322 nəfərdir.

Hesabata münasibət bildirən YAP Siyasi Şurasının üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Rauf Əliyev, Pirallahı Su-Kanal İdarəsinin rəisi Əli Kərimov, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, QAC Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, , "Abşeronneft" NQÇİ ilk partiya təşkilatının sədri Şamil Kazımov və başqaları çıxış edərək, ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat tandeminin bacarıqsızlığı və səriştəsizliyi səbəbindən Azərbaycan məhv olmaq təhlükəsində idi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin, ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə "SƏS" qəzetində Ulu Öndər Heydər Əliyevə müraciət olundu. Ulu Öndərin Azərbaycana qayıdışı ilə ölkəmiz bütün çətinliklrədən şərəflə çıxdı və yeni inkişaf mərhələsinə qədəm qoydu.

Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov konfransda çıxış edərək, YAP-ın yaranma tarixdən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, qeyd edib ki, YAP Pirallahı rayon təşkilatı son dörd ildə Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirib və öz lideri, partiyamızın Sədri, dövlət başçısı Cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yüksək məsuliyyətlə həyata keçirməyə çalışıb. Bu gün rayonda icra strukturları ilə partiya təşkilatı sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Uğurların, sosial-iqtisadi sahədə qazanılan nailiyyətin əsasında da bu amil durur. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Pirallahı rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Məzi oğlu Şikarov YAP Pirallahı rayon təşkilatının sədri, Qoçalı Teymur oğlu Mahmudov, Əli Kərəm oğlu Kərimov, Baxarəddin Səməndər oğlu Rəsulov və Bəxtiyar Nüsrət oğlu Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin, 35 nəfərdən ibarət şura, 15 nəfərdən ibarət idarə heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirilib.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Sədri möhtərəm Prezidentimiz Cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyası, həqiqətən də, Ümummilli Liderimizin dediyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyasıdır". İnanırıq ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək, bundan sonra da, nəinki respublikamızda, eləcə də beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcəkdir.

Samir

Digər xəbərlər