PDF Oxu

Sosial

  • 1 990

"Bişkek protokolu"nun qüvvəyə minməsindən 23 il ötür

"Bişkek protokolu"nun qüvvəyə minməsindən 23 il ötür

Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsindən 23 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" tarixin bu günü - mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılıb. Bu müqavilə Ermənistanın Azərbaycana qarşı münaqişəsinin başlanmasından 6 il sonra baş tutdu. Belə ki, 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. İki gün sonra Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə, həlak olan iki azərbaycanlı münaqişənin ilk qurbanları oldular. Beləliklə, hadisələrin başlanması daha geniş müstəviyə keçdi. 1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Mənbələrə əsasən, kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürüldü və yüzlərlə azərbaycanlı yaralandı. Hadisələr yüksələn xətlə inkişaf etməyə başladı. 1991-ci ilin sonu - 1992-ci ilin əvvəllərində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda, daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədildi, şəhər yerlə yeksan edildi. Daha sonra 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edildi. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu və ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrildi.

Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. Ölkədə xaos, qeyri-stabil vəziyyət, dağınıq ordu və məhv olmuş iqtisadiyyat hökm sürürdü. Ulu Öndər Heydər Əliyev bütün bu problemləri həll edərək, Azərbaycanın ictimai-siyasi həyatında uğurlu imzaları ilə yeni səhifələr yazmış oldu. Dahi Şəxsiyyətə zaman lazım idi ki, Azərbaycan bugünkü vəziyyətə, bugünki inkişafa gəlib çıxa bilsin. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev müharibə vəziyyətini düzgün analiz edərək, atəşkəsin imzalanmasına nail oldu. Göründüyü kimi, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gücləndi, inkişaf etdi və dünyada mövqeyini möhkəmləndirdi. Təcavüzkar ölkəyə, onların dili ilə deyil, məntiqlə, irimiqyaslı iqtisadi və enerji layihələrini gerçəkləşdirməklə cavabı verdi. Nəticədə isə, bu gün Ermənistanda səfalət və yoxsulluqdan başqa bir mənzərə qalmadı.

Qarabağ savaşından sonra elan olunan atəşkəsdən keçən 23 il ərzində bizim ölkəmiz öz mövqeyini ən yüksək beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edib, "biz qan tökmək istəmirik, torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəyirik!" - deyib. Əfsuslar olsun ki, Ermənistan sülhə, əmin-amanlığa səs verməyərək, çirkin niyyətlərini davam etdirməkdədir. Atəşkəsdən ötən 23 il ərzində minlərlə Azərbaycan hərbçisi cəbhə xəttində düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır və onları qətlə yetirirlər.

Bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanda müasir hərbi-sənaye kompleksi yaradılıb, silahlı qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilib, bu sahədə kadr hazırlığı təkmilləşdirilib. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.

Ötən il aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutularaq, bir daha atəşkəs rejimi pozulmuş oldu. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qaldı. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturtdu. Düşmənin çoxlu sayda hərbi qulluqçusu, polkovnik və general rütbəli zabitləri də daxil olmaqla, hücum nəticəsində məhv edildi. Ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir. Aprel döyüşlərində erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı, Azərbaycan Ordusunun nəyə qadir olduğunu sübut etdi.

Bu gün Azərbaycan, artıq siyasi və iqtisadi cəhətdən yüksək inkişaf mərhələsinə qədəm qoymuş bir ölkədir və öz torpaqlarını istənilən anda azad etməyə qadirdir.

NƏZAKƏT

Digər xəbərlər