Siyasi şərhçi Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə iddiasının rədd ediləcəyi ümidindədir
"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı iddia Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək bir hadisə olacaq"
Məlum olduğu kimi, Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi nəzərdə tutulur. Təbii ki, məsələnin bu formada qoyulması Rusiya ilə Azərbaycan arasında inkişaf edən əlaqələrə müəyyən qüvvələrin, xüsusilə də, erməni lobbisinin zərbə vurmaq məqsədi daşıyır. Yəni Rusiya ilə Azərbaycan arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq cəhdi kimi qiymətləndirilir.
Siyasi şərhçi Azər Həsrət "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanla Rusiya strateji tərəfdaşdır. Bu isə, bizi istəməyən qüvvələri həmişə narahat edib və edəcək də: "Ona görə də, həmin qüvvələr əllərindən gələni edirlər ki, aramız dəysin. Burada ermənilər və onlara yaxın çevrələrin birmənalı olaraq öndədir. İndi ÜAK-ın ləğvi də həmin qəbildəndir. Bu qurumun ləğvini arzu etmirik. Ümid edirik ki, Rusiya hökuməti hansısa bir çıxış yolu tapacaq. Amma eyni zamanda, onu da vurğulamaq istərdik ki, istənilən halda, Azərbaycanın Rusiyayla dinc qonşuluq münasibətləri bizim tərəfimizdən mütləq qorunacaq. Yəni bu məsələ o münasibətlərə kölgə salmayacaq. Əlavə olaraq, Azərbaycanda yaşayan rus vətəndaşlarımıza münasibət də heç bir şəkildə dəyişməyəcək. Yəni bizim dövlətimiz də buradakı Rus İcmasının fəaliyyətini yasaqlamayacaq. Demək istədiyim odur ki, üçüncü tərəf bizim aramızı bu yolla vurmaq istəyirsə, məhz Azərbaycanın təmkinli davranışı nəticəsində, onların istəyi baş tutmayacaq".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətinqə qeyd etdi ki, bu prosesin arxasında böyük bir təxribat dayanır: "Çünki Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı iddia Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək bir hadisə olacaq. Ona görə də, ümid etmək olar ki, Rusiya Məhkəməsi yanlışlığa yol verməyəcək. ÜAK illərdir iki xalq, iki dövlət arasında olan münasibətlərin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi kimi vacib bir məsləkə xidmət etmiş və təbii ki, bu sahədə yaxşı nümunələr ortaya qoya bilmişdir. Əlbəttə, Konqresin bu cür uğurlu fəaliyyəti erməni dairələrini, onların havadarlarını narahat edirdi. Bu məlum hadisənin də arxasında erməni lobbisinin məkrli və düşünülmüş planı dayanır. İnanıram ki, Rusiya dövlətinin rəhbərliyi səviyyəsində məsələyə müdaxilə olunacaq və proses öz həllini tapacaq. Təsadüfi deyildir ki, artıq bu istiqamətdə hər iki tərəfdən müraciətlər olunur, bu təxribatın qarşısının alınması ilə bağlı çağırışlar vardır. Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət edən və Rusiyada yaşayan milyonlarla həmvətənimizin maraqlarını müdafiə edən Konqresin fəaliyyətinin dayandırılmaması istiqamətində fəaliyyət davam etdirilməli, daha ciddi və kompleks addımlar atılmalı və anti-Azərbaycan meyilli qüvvələrin bu istəyinin nəticəsiz qalmasına nail olmaq lazımdır".
GÜLYANƏ