PDF Oxu

Sosial

  • 1 609

Düşmən "OSA"sının məhvi - təfərrüatlar nəyi göstərir?

Düşmən "OSA"sının məhvi - təfərrüatlar nəyi göstərir?

EKSPERT RƏYLƏRİ+ANALİZ

Ermənistanın hərbi-siyasi rəhbərliyi real itkilərini yenə də gizlətməli oldu

Məlum olduğu kimi, mayın 15-də Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində düşmənin işğal olunmuş ərazilərimizdə törətmək istədiyi təxribatının qarşısı alınıb və "OSA" tipli zenit-raket kompleksi heyəti ilə birgə məhv edilib. SİA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında informasiya yerləşdirilib.

Ermənistan tərəfini isə bu reallığı müxtəlif yalan vasitələri ilə gizlətmək cəhdləri bəzi suallar doğurur. Belə ki, ermənilər rəsmi olaraq, öz təxribatçı əməllərini Azərbaycanın üzərinə atmağa çalışmaqla yanaşı, Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan "Facebook" sosial şəbəkəsində "OSA" tipli zenti-raket kompleksinin adını çəkməyərək, heyəti ilə birgə məhv olmuş kompleksi "müdafiə obyekti" adlandırıb. Eyni zamanda, canlı itkinin olmadığını da bildirərək, baş verənlərdə əsas günahkar qismində Azərbaycanı göstərib.

Ukraynalı hərbi ekspert Oleq Jdanov: "Azərbaycanın hərbi rəhbərliyi doğru qərar verib"

Ukraynanın tanınmış hərbi eksperti Oleq Jdanov bununla bağlı qeyd edib ki, cəbhə xəttində havadan müdafiə kompleksinin yerləşdirilməsi təşəbbüsü ələ almaq üçün hesablanmış addımdır.

"Aşağı səviyyəli hərbi münaqişələrdə kim havaya nəzarət edirsə, demək ki, müharibənin bütün gedişini nəzarətdə saxlayır. Hava məkanını nəzarətdə saxlamaq düşmənin ani zərbəsinin, aerokəşfiyyatının qarşısını almaqla yanaşı, həm də hər an aviasiyadan istifadəyə şərait yaradır"-deyə qeyd edən ukraynalı hərbi ekspertin sözlərinə görə, Azərbaycanın hərbi rəhbərliyi, belə bir məqamda çox doğru qərar verərək, "OSA" tipli özüyeriyən zenti-raket kompleksini məhv edib və münaqişə zonasında nəzarəti əlində saxlayıb.

Oleq Jdanov münaqişədə üçüncü tərəflərin yer aldığına görə, süni şəkildə uzandığını da qeyd edərək, erməni tərəfinin məlum təxribatını belə əlaqələndirib ki, onlar öz mövqelərini gücləndirmək istəyi ilə yanaşı, müxtəlif vasitələrlə Azərbaycanın müdafiəsini yoxlamağa çalışırlar.

Üzeyir Cəfərov: "Mümkün deyil ki, şəxsi heyətin iştirakı olmadan həmin kompleks istifadə olunsun"

Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov isə sözügedən məsələ ilə bağlı saytımıza açıqlamasında qeyd edib ki, Ermənistanın, faktiki olaraq, heyəti ilə birgə məhv olmuş hərbi kompleksinin "müdafiə obyekti" kimi göstərməsi çox gülünc təsir bağışlayır.

"OSA özüyeriyən zentit raket kompleksidir. Ümumiyyətlə, bu kompleks altı təkər üzərində yığılmış bir hərbi sistemdir. Ona görə də, mümkün deyil ki, şəxsi heyətin iştirakı olmadan həmin kompleks istifadə olunsun"-deyə qeyd edən hərbi ekspert onu da bildirib ki, ermənilər bu boyda itkini öz ağılsızlıqları ilə harasa yazmalıydılar və indi də deyirlər ki, heç bir itki yoxdur: "Görün, bunlar nə qədər ağılsızdırlar ki, bu cür yalanlara əl atırlar. Halbuki "OSA", konkret olaraq, 1971-ci ildən istifadəyə verilmiş və yüksək zərbəvurma imkanlarına malik olan kompleksdir. Özü də bu kompleks, məhz şəxsi heyət tərəfindən idarə olunur. Həm kompyuterləri, həm də idarə olunan radar sistemi, konkret olaraq, robot tərəfindən deyil, sırf şəxsi heyətin nəzarəti ilə hərəkətə gətirilir. Sürücüsü də daxil olmaqla, "OSA" zenit-raket kompleksinin 5 nəfər heyəti olur. Bu baxımdan, guya itkilərinin olmadığını iddia edən erməni hərbi-siyasi rəhbərliyi öz axmaqlıqlarını və naşılıqlarını göstərirlər".

"Bəlkə Yerevanda oturan hansısa Vigen Sarkisyan "OSA"nın düyməsini basır?"

Üzeyir Cəfərovun sözlərinə görə, videogörüntülərdən də aydın görünür ki, kompleksin radarı Azərbaycanın aşağı məsafədən uçan pilotsuz aparatını aşkarlayır: "Sual yaranır: bu radara komandanı kim və haradan verir? Ona görə də, erməni hərbi təmsilçisi o qədər ağılsızdır ki, heç danışdığına, irəli sürdüyü iddialarına da fikir vermir. Təsəvvür edin ki, həmin radar 25 metrdən 5 min metrə qədər ərazini nəzarətində saxlayır. Əgər həmin məsafələrdə hərəkət edən hər hansı bir hədəf aşkar olunarsa, dərhal iki raket həmin hədəfi vurmaq üçün istifadəyə buraxılır. Yaxşı, bəs raketi kim buraxır? Bəlkə Yerevanda oturan hansısa Vigen Sarkisyan "OSA"nın düyməsini basır? Bax, fakt budur ki, onlar ağıllarını itiriblər. Çünki texnika darmadağın olunub".

Hərbi ekspert ötən ilin aprelini də xatırladaraq, düşmənin həmin hadisələri yaddan çıxarmamalı olduğunu da deyib: "Düşmən, eyni zamanda, ötən ilin aprelində aldığı zərbələrdən sonra diqqəti olmalıdır və unutmamalıdır ki, Azərbaycanın İsraildən aldığı "SPİKE" tipli raketləri cəbhədə hansı sarsıdıcı zərbələr vurdu. Hətta ermənilərin özləri də pilotsuz aparatlarımızın hücumlarını necə təlaşla izlədiklərini, könüllü qüvvələrinin necə məhv etməsini paylaşmışdılar. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin "ZƏRBƏ" pilotsuz uçan aparatları var. Bu apparat, hətta təmasda olmadan düşmənin istənilən gücünə, texnika və avadanlığına ağır zərbələr endirmək iqtidarındadır".

Ü.Cəfərov, son olaraq, bir el misalını nümunə gətirərək, bildirib ki, keçinin buynuzu qaşınanda, onu çobanın çomağına sürtər: "Düşmən, faktiki olaraq, Azərbaycanın nəzarət etdiyi cəbhə xəttinin ən yaxın məsafəsinə gəlib və əlbəttə ki, Ordumuz bunu cavabsız buraxmayacaqdı. Hesab edirəm ki, bundan sonra düşmən öz hərəkətlərində daha ehtiyatlı davranacaq".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər