PDF Oxu

Sosial

  • 7 389

Ölkəmizdə muzey işinə dövlət qayğısı artır

image

Dünyanın 150-dən artıq ölkəsində keçirilən 18 May Beynəlxalq Muzeylər Günü Azərbaycana da geniş şəkildə qeyd olunur

Bu gün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunan 18 May Beynəlxalq Muzeylər Günü bütün dünyada geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü, bir qayda olaraq, "Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək" şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.

Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq, insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə daha yaxından tanış olmaq məqsədilə mayın 18-də bütün muzeylərimizdə "Açıq qapı" günü elan edilir. Muzeylər eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub-öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. "Doğma diyarın öyrənilməsi muzeyi" adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən, Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz və incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və teatr muzeyləri yaradılmışdır. Muzeylər sırasında tanınmışlardan Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə və digərlərinin ev-muzeyləri də vardır. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Qoruq-muzeylər, adətən, açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər və qalalar sayılır. Azərbaycanda belə möhtəşəm muzeylərə Şəki Xan Sarayını, Qobustan qayalıqlarını, "Şirvanşahlar Sarayı Kompleksi"ni, Möminəxatun Məqbərəsini, eləcə də, Şuşa şəhərini göstərmək olar.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDIŞINDAN SONRA MUZEY İŞİ ÖZ İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən, muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Qısa müddətdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, həmçinin, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir. 1994-cü ildə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında" qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır və böyük layihələr reallaşır. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal Abidəsinin ucaldılması haqqında", "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Son dövrlər yaradılan muzeylərin sırasında ölkənin əksər şəhər və rayonlarında inşa edilmiş Heydər Əliyev mərkəzlərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində "Şirvanşahlar Sarayı Kompleksi", Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində, son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 52-si Heydər Əliyev Muzeyi, 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev muzeyləridir. Eyni zamanda, Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Belə zəngin tarixi irsə malik olan Azərbaycanda Beynəlxalq Muzeylər Günü qeyd olunur. Bu gün İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə "Beynəlxalq Muzeylər Günü" qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək, öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər. Keçiriləcək tədbirlərin məqsədi insan irqinə məxsus tarixin aydın olmayan tərəflərinin dərk edilməsindən ibarətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər