ANALİTİKA
Düşmən ölkənin siyasi şərhçiləri acı həqiqtləri bu cür etiraf edirlər
Son günlər cəbhə boyu xətdə erməni silahlı birləşmələrinin yeni təxribatlara əl atmaları, nəticədə, Azərbaycan Ordusu tərəfindən susdurulmaları Ermənistanın ictimai rəyində qorxu və vahiməyə səbəb olmaqdadır. Daha dəqiq desək, hələ ötən ilin aprelində baş verən və ərazilərimizin bir hissəsinin geriyə qaytarılması ilə nəticələnən dördgünlük müharibədən sonra işğalçı qüvvələrin bu və ya digər şəkildə öz məğlubiyyətlərini xalqdan gizlətmək cəhdləri də nəticəsiz qaldı.
Lakin bu arada erməni mətbuatı cəbhədə yeni müharibənin başlaya biləcəyi ilə bağlı anonslar verməsi, hətta bu dəfə daha sarsıdıcı məğlubiyyətlə qarşı-qarşıya qala biləcəklərini birbaşa olmasa da, dolayısı ilə etiraf etmələri bəzi məqamları növbəti dəfə ortaya çıxarmış olur. Ən azından, erməni KİV-lərində siyasi analitiklərin yazdıqları şərhlərdən bütün bunları görmək elə də çətin deyil. Məhz bu məqsədlə, Ermənistanın aparıcı informasiya qurumu olan 1in.am (birinci informasiya kanalı-R.N.) saytında Sarqis Artsruni adlı şərhçinin qeyd etdiyi bəzi məqamlara bir daha toxunmaq istədik.
"Cəbhə xəttindən gələn xəbərlər irəli sürülən iddiaları şübhə altına alır"
Beləliklə, aprel müharibəsinin ardınca Ermənistanın dövlət və siyasət adamlarının ön cəbhəyə gedərək, həmin müharibədən sonra ciddi nəticələr çıxardıqlarını, düşmənin (yəni Azərbaycanın-red) bir daha bənzər addıma getməyə cəhd göstərməyəcəyi barədə dedikləri sözlərini ironiya ilə qarşılayan erməni müəllifə görə, bütün bunlar, sadəcə, təbliğatdan başqa bir şey deyil. SİTAT: "Məni bu sözlərimə görə bağışlasınlar, amma deyilən ifadələr təbliğata bənzəyir, halbuki cəbhə xəttindən gələn xəbərlər irəli sürülən iddiaları şübhə altına alır".
Sarqis Artsruni Azərbaycanın müharibəyə hazır olduğunu da yazaraq, qeyd edir ki, hətta müharibənin baş verməsi qaçılmazdır və bu dəfə hər şey tamamilə başqa cür olacaq. Erməni müəllif özünü sığortalamaq məqsədilə erməni ordusunun "döyüş hazırlığı", "əsgərlərin dözümlüyü", "zabitlərin sədaqəti" və s. barədə müsbət fikirlər yazsa da, bir daha vurğulayır ki, aprel müharibəsindən sonra orduda müəyyən işlər aparılmasına baxmayaraq, hər şey bir andaca buxarlana bilər: "Çünki biz israrla siyasət və diplomatiya baxımından ötənilki müharibənin baş verməsi səbəblərini uzaqlaşdırmırıq".
"Problem yalnız onda deyil ki, biz havadan müdafiə qurğusunu itirmişik, bizi daha çox narahat edən azərbaycanlıların onun məhvi üçün ən müasir raketindən istifadə etməsidir"
Göründüyü kimi, erməni analitik öz yazısında məğlubiyyət amillərini daha çox qabardaraq, üstəlik, bir neçə gün öncə, Azərbaycan Ordusunun düşmənin "OSA" özüyeriyən zenit-raket kompleksini məhv etməsini xatırladır: "Problem yalnız onda deyil ki, biz havadan müdafiə qurğusunu itirmişik, bizi daha çox narahat edən azərbaycanlıların onun məhvi üçün ən müasir raketindən istifadə etməsidir. Bu, onu göstərir ki, Azərbaycan tərəfi, nəinki rusların vasitəsilə sürətlə silahlanır, eyni zamanda, onların yardımı ilə müasir silahlardan istifadə sənətini daha tez öyrənir".
Sarqis Artsruni baş verən məlum hadisəni müharibəyə hazırlıq kimi şərh edir və onu da etiraf edir ki, növbəti müharibə yüksək dəqiqliyi ilə seçilən hərbi texnikaların ortaya çıxması ilə nəticəsini tapacaq. "Yəqin, bu da aydındır ki, mövcud hallarda əsgərlərin qorxmazlığına və zabitlərin sədaqətlərinə arxalanmaq olmaz"-deyə erməni müəllif etiraf edir.
"Ən böyük faciəmiz keyfiyyətsiz xarici siyasətimizin yeni mühairbənin baş verməsi təhlükəsinə səbəb olmasıdır"
Bu səbəbdən, erməni siyasi şərhçi bütün bunların faciəyə gətirib-çıxaracağını iddia kimi irəli sürür. "Ən böyük faciə isə budur ki, bizim xarici siyasətimiz dördgünlük müharibədən sonra heç bir nəzərəçarpacaq nəticələr çıxarmağa müyəssər olmayıb və öz keyfiyyətsizliyi ilə, sadəcə, yeni müharibənin baş verməsi təhlükəsinə səbəb olmaqdadır"-deyə Sarqis Artsruni yazır.
Əlbəttə, son günlər erməni ictimaiyyətində kəskin tənqid obyektinə çevrilmiş general Yuri Xaçaturov da unudulmayıb. Belə ki, aprel müharibəsi zamanı özünü yaxşı tərəfdən göstərməyən və qorxaq adlandırılan erməni generalını hədəfə alan erməni jurnalistin fikrincə, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbər təyin olunması heç nəyi dəyişmir.
"Kreml rəsmiləri Yerevanda Rusiya-Azərbaycan əlaqələrini əsaslandırırlar"
"Bizim diplomatiyanın gücü uzağı, ona çatır ki, korrupsiyaya bulaşmış Xaçaturovu KTMT-nin baş katibi kürsüsünə otuzdursun"-deyə yazan Sarqis Artsruni Ermənistanın Rusiyadan asılı vəziyyətdə olduğuna işarə edərək, bu siyasətdən yaxa qurtara bilmədiyini bildirir. O, bunu Azərbaycanın Rusiyadan ən müasir silahlar və hərbi texnikalar alması ilə əlaqələndirir, üstəlik, Kreml rəsmilərinin, hətta Yerevanda Rusiya-Azərbaycan əlaqələri ətrafında əsaslandırmalar etdiklərini təəssüflə yazır. O, bunu dördgünlük müharibədə öldürülmüş erməni hərbçilərinin "ruhlarına həqarət" olduğunu və ermənilər üçün bundan artıq təhqirin olmadığını da qeyd edir.
"Növbəti itkilərimizə görə də cavabdehliyi hakimiyyət və onun xarici siyasəti daşıyacaq"
Beləliklə, erməni siyasi şərhçi baş verən məğlubiyyətlərində məhz Sarkisyan iqtidarının yürütdüyü naşı xarici siyasi diplomatiyanı və s. amilləri görməkdədir. Bu baxımdan, o, yeni və ermənilər üçün daha ciddi təhlükə yaradacaq savaşın baş verəcəyini proqnozlaşdıraraq, bu savaşdan məğlub çıxacaqlarını dolayısı ilə etiraf etmək məcburiyyətində qalıb.
"Bütün hallarda, dördgünlük aprel müharibəsində öldürülən hərbçilərimizin əsas baiskarı və cavabdehi yürüdülən naşı xarici siyasətimizdir. Baş verməsi qaçılmaz görünən növbəti müharibədə də olacaq, itkilərimizə görə də cavabdehliyi hakimiyyət və onun xarici siyasəti daşıyacaq"- Sarqis Artsruni yazır.
Rövşən NURƏDDİNOĞLU