PDF Oxu

Sosial

  • 1 236

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX hesabat-seçki konfransı keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX hesabat-seçki konfransı keçirildi

Dünən Binəqədi rayon icra hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX hesabat-seçki konfransı keçirildi.

Hesabat-seçki konfransı başlamazdan öncə, konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edib və gül dəstələri düzüblər. Daha sonra rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işləri, keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş etdirildi.

Konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov konfransın gündəliyində duran məsələləri diqqətə çatdırdı: "Hesabat-seçki konfransı əlamətdar bir dövrə - partiyamızın yaradılmasının 25-ci ildönümünə təsadüf edir və bu gün ötən 25 ilə dönüb baxdıqda, qürur hissi keçiririk. Bu illər Azərbaycan dövlətinin, xalqımızın, dövlətçiliyimizin, partiyamızın tarixində çətinliklərlə, mübarizələrlə və qələbələrlə dolu bir dövr olub. Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların kökündə Ulu Öndərin ideyaları, ökə başçısının mətin iradəsi, cəsarəti, qətiyyəti, gərgin və yorulmaz zəhməti dayanır".

Hesabat-seçki konfransında çıxış edən YAP Binəqədi rayon təşkilatının nəzarət-təftiş komissiyasının sədri Yolçu Zeynalov, YAP-ın Nizamnaməsinə uyğun olaraq, rayon təşkilatında nizam-intizamın möhkəmləndirilməsi, partiyadaxili işlərin düzgün qurulması, partiya üzvləri tərəfindən üzvlük haqlarının ödənilməsi, maliyyə intizamına əməl edilməsi və digər vəzifələrin icra olunduğunu və bu sahədə nəzarətin təmin edildiyini bildirdi.

Hesabat-seçki yığıncağında çıxış edən Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev, 283 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı Fəsli Nəbiyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilən uğurlu siyasi strategiyadan danışdılar.

Konfransda geniş nitq söyləyən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov ötən tarixə, YAP-ın yaranma tarixinə nəzər saldı. YAP-ın çətin dönəmlərdə yarandığını, hadisələrin birbaşa iştirakçısı və şahidi kimi ölkəmizin çox ağır vaxtlarını ürəkağrısı ilə xatırladığını söylədi. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının "Səs" qəzetində Ümummilli Liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirdi.

Hesabat-seçki konfransında çıxış edən millət vəkili Kamaləddin Qafarov YAP-ın dövlətimizin inkişafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən uğurlu işləri diqqətə çatdırdı.

Konfransda çıxış edənlər rayon təşkilatı sədrinin hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər.

Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Konfrans iştirakçılarının yekdil qərarı ilə 67 nəfərdən ibarət şura, 25 əfərdən ibarət İdarə heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçildi. Həmçinin, Ramiz Göyüşov yenidən rayon təşkilatının sədri, Eldar İbrahimov, Əli Hüseynli, Vüsar İsmayılov, Hüseyn Əsgərov və Tünzalə Zeynalova isə rayon təşkilatı sədrinin müavinləri seçildilər.

Konfransda yekun qətnamə qəbul edildi.

Hesabat-seçki konfransında yekun nitq söyləyən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayon təşkilatının IX konfransı münasibətilə iştirakçıları təbrik etdi və Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışdı. O, Ulu Öndərin ideyalarının bu gün də yaşadığını, bu ideyaları layiqincə davam etdirən Prezident İlham Əliyevin hər zaman öz xalqının yanında olduğunu vurğuladı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər