PDF Oxu

Sosial

  • 1 310

"İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər"

"İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər"

Azərbaycan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yekun vuraraq dünyada sülhün, tərəqqinin, birliyin və dostluğun tərəfdarı olduğunu bir daha bəyan etdi. Oyunlara yüksək səviyyədə ev sahibliyi edərək, tarix yazdı. Ən xırda detallardan tutmuş, son mərhələyə qədər ölkəmizin "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına necə hazır olduğu diqqətdən yayınmadı. Hər kəs bu möhtəşəm oyunda paytaxtımızın döyünən ürəyini hiss etdi. Hiss etdi ki, Bakı əsrlər boyu humanizm dəyərlərinə önəm vermiş, insanlara qarşı həssas və qayğıkeş və qonaqpərvərdir. Əmin-amanlıqla, xoş münasibətlə qonaqları və idmançıları qəbul edən Bakı sona qədər də bu şəkildə öz missiyasını davam etdirdi. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərdi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində mümkün oldu.

Bu torpaqdan gələn nəfəs islam dünyasının rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançını, 2000-dək komanda rəsmisi və texniki nümayəndəni bir məkanda topladı. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmamışdır.

"BU OYUNLAR VƏ BİR ÇOX DİGƏR MÜHÜM BEYNƏLXALQ İDMAN, HUMANİTAR VƏ SİYASİ TƏDBİRLƏR BAKININ AÇIQLIQ VƏ TOLERANTLIQ MƏRKƏZİ KİMİ NÜFUZUNU DAHA DA MÖHKƏMLƏNDİRDİ"

Mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün təkcə idman tədbiri deyil, eyni zamanda, islam dünyası ilə əlaqələrin və dialoqun təşviqi platforması da oldu. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar idman yarışması olsa da, müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında körpü rolunu oynadı. On gün ərzində islam dünyasının idman nəbzi Bakıda döyündü. Bağlanış mərasimində Mehriban Əliyevanın qeyd etdiyi kimi, son 10 gün ərzində burada - Bakıda bizim üçün və hamı üçün bu oyunlarda gördüyümüz islam aləminin həmrəyliyi növbəti böyük qələbə oldu: "Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq ... Bu oyunlar və bir çox digər mühüm beynəlxalq idman, humanitar və siyasi tədbirlər Bakının açıqlıq və tolerantlıq mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdi. Paytaxtımız islam idman ictimaiyyətini açıq qəlblə qəbul etdi və bu Oyunların uğurlu olması bütün Azərbaycanın fədakarlığına və qəhrəmanlığına işarədir".

Mehriban xanım Əliyeva bütün dünyanın hər bir guşəsindən gəlmiş qonaqların özünün qədim irsinə və ənənələrinə sadiq olan, gələcəyinə qətiyyətlə baxan ölkənin - Azərbaycanın zəngin mədəniyyəti və məşhur qonaqpərvərliyi ilə tanış olduğunu da diqqətə çatdırıb. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı.

"BU GÜNLƏR ƏRZİNDƏ AZƏRBAYCAN XALQI GÖSTƏRDİ Kİ, O, BÖYÜK İDMAN DÖVLƏTİDİR"

Bakının 16 idman arenası ötən on gün ərzində yüksək səviyyədə fəaliyyət göstərdi və əminliklə vurğulamalıyıq ki, Bakıda keçirilən oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı. Təbii ki, oyunların uğurunu təmin edən amillər sırasında Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübə də şərt idi. Azərbaycan ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur. "Bu günlər ərzində Azərbaycan xalqı göstərdi ki, o, böyük idman dövlətidir", - deyən Mehriban xanım Əliyeva bu tarixi qələbə ilə fəxr etdiyini vurğulayıb: "Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz islam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, islam həmrəyliyini gücləndirək". İslam Oyunları islam həmrəyliyini gücləndirməklə yanaşı, dünyaya islam dininin sülh və mərhəmət dini olduğunu təqdim etdi.

Bu oyunlar ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaratdı. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izlədi və bütün dünyaya bir daha müstəqil, müasir Azərbaycanın güclü dövlət olduğunu göstərə bildi. Bütün bunlarla yanaşı, Azərbaycan dostluq və əməkdaşlıq məkanı olaraq da təqdim olundu. Bakının möhtəşəmliyi, inkişafı diqqətdən kənarda qalmadı.

SÜLH, ƏMİN-AMANLIQLA İDMAN YARIŞINA EV SAHİBLİYİ EDƏN AZƏRBAYCAN TARİXİ QƏLƏBƏNİ YAŞADI

Bəli, oyunlarının açılış mərasimində yaşadığımız hisslər, davamlı olaraq bizi qürurlandırdı. İdmançıların yarışları keçirilən idman arenalarının yüksək standarlara cavab verməsi, yüksək təşkilatçılıq, xalqımızın qonaqpərvərliyi də Azərbaycanın uğurlarından xəbər verdi. Azərbaycanda bayram əhali-ruhiyyəsi hər kəsi müşayiət etdi. Nəhayət, 22 may tarixində oyunların bağlanış mərasiminin qeyri-adi təqdimatı yaddaşlarda xatırlanancaq daha bir yeni səhifə oldu. Açılış mərasimi zamanı təqdim olunan ssenari bağlanışda təkrarlanmadı. Yeni ahəngdə, yeni proqramda təqdim olunan möhtəşəm idman bayramının bağlanış mərasimi yenə də Bakı Olimpiya Stadionunda böyük coşqu yaratdı. Artıq Azərbaycan bu mərsimə daha böyük qələbə sevinci ilə gəlmişdi. Əgər açılış mərasiminə ölkəmizə göstərilən inamın, etibarın sevincini, hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırmasının qüruru ilə gəlmişdiksə, bağlanış mərasimində təəssüratlarımız daha zəngin idi.

Beləliklə, sülh və əmin-amanlıqla idman yarışına ev sahibliyi edən Azərbaycan tarixi qələbəni əldə etdiyi nailiyyətləri ilə yaşadı. Qazandığı uğur Azərbaycanın hərtərəfli və davamlı inkişafının göstəricisidir.

Bakı IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa vurdu. Azərbaycan torpağında isə möhtəşəm yarışlar davam edəcək. Mehriban xanım Əliyeva bildirib ki, biz dünyanı Bakıda salamlamaqda davam edəcəyik və bu yay "Formula-1" Azərbaycan Qran-Pri turniri, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək və 2020-ci ildə burada, Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq. Ölkəmiz dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər