PDF Oxu

Sosial

  • 1 379

Azərbaycan Avropaya və bütün dünyaya nəyə qadir olduğunu göstərir

Azərbaycan Avropaya və bütün dünyaya nəyə qadir olduğunu göstərir

İlham Əliyev: "...Ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir"

Ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutmasına şərait yaradıb. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılıb. "Sağlam bədəndə sağlam ruh olar" pirinsipinə söykənərək, demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də, beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Son on illərdə Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirinin yüksək səviyyədə keçirilməsi də bunu sübut edir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib, Bu yarışların Azərbaycanda keçirilməsi inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

"BİZİM APARDIĞIMIZ SİYASƏT VƏ BU OYUNLARDA VERDİYİMİZ TÖHFƏ, ƏMİNƏM Kİ, MÜSƏLMAN ALƏMİNİN BİRLƏŞMƏSİNƏ GƏTİRİB ÇIXARACAQ"

Zaman irəlilədikcə, 4-cü İslam Həmrəyliyi Oyunlarınının keçiriləcəyi tarix də yaxınlaşdı, dünya və islam aləmi üçün çox önəmli idman yarışmasını ölkəmiz uğurla başa vurdu. Azərbaycan Prezidenti bildirirdi ki, biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu oyunlarda da göstərməliyik: "Bu oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin". Bu belə də oldu. Azərbaycan 10 gün ərizində gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi. IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün təkcə idman tədbiri deyil, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması oldu. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında körpü rolunu oynadı. Oyunlar islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyərdir. Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə "Bax, bu oyunların tarixi əhəmiyyəti məhz bundadır", - deyərək, Azərbaycanın apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdiyini diqqətə çəkib: "Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara və müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu oyunlarda verdiyimiz töhfə, əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq"

"BİZ CƏMİ 25 İLDİR Kİ, MÜSTƏQİL ÖLKƏ KİMİ YAŞAYIRIQ VƏ İDMAN SAHƏSİNDƏ, İQTİSADİ, SOSİAL VƏ DİGƏR SAHƏLƏRDƏ GÖRÜN, NƏ QƏDƏR BÖYÜK UĞURLAR ƏLDƏ ETMİŞİK"

50-dən artıq ölkəni təmsil edən idmançıların iştirk etdiyi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizdə idman yarışları keçirildi. Azərbaycanda idman ayrılan diqqəqtin təzahürü olaraq idmançılarımız tarixi qələbəni əldə etdilər. İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq, komanda hesabında birinci oldular. Cənab İlham Əliyevin dediyi kimi, bu, böyük tarixi qələbədir: "Nəzərə alsaq ki, bu oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır". Bugünkü qələbənin çox möhkəm təməli olduğunu bildirən Cənab Prezident bunun Azərbaycan idmanının, dövlətinin inkişafı ilə bağlı olduğunu qeyd edib: "Çünki ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir".

Əlbəttə ki, Azərbaycanda idman sahəsində əldə olunan uğurlar müstəqillik dövrümüzə təsadüf olunur. Ulu Öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyması bu uğurla gətirib çıxarıb. Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Bir yarışda onlarla medala sahib olan idmançılarımızın əksəriyyəti müstəqillik dövründə doğulub boya-başa çatmış gənclərdir. Müstəqillik dövrünün tarixi uzun olmasa da, nailiyyətlər yetərincədir. "Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə görün, nə qədər böyük uğurlar əldə etmişik", - deyən Azərbaycan Prezidenti sovet dövründə Azərbaycan idmançılarının bu qədər medal qazanacaqlarını nə vaxtsa düşünmədiyimizi bildirib: "Olimpiya Oyunlarında bu qədər qələbələr qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə, bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə, Azərbaycan xalqı sürətlə inkişaf edə bilər".

Müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib, idmançılarımız uğurlara sahib olublar. Bütün bunlar isə, bir daha göstərir ki, ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır.

Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər