Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 28 May-Respublika Günü münasibəti ilə tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 28 May-Respublika Günü münasibəti ilə "Şərqin ilk dünyəvi demokratik dövləti" mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tariximizə nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb və Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. Seyfəddin Əliyev Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığını bildirdi.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı gənclər birliyinin üzvü Sübhan Şiriyev məruzə ilə çıxış edərək bildirmişdir: Azərbaycan XX əsrdə iki dəfə istiqlaliyyətini əldə etmək, özünün müstəqil dövlətini yaratmaq imkanı qazanıb.1918-ci ildə yaradılmış demokratik respublika xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən cəmi 23 ay yaşadı. Xalqımızın 1991-ci il oktyabrın 18-də çətinliklə əldə etdiyi müstəqillik də o dövr hakimiyyətdə olan səriştəsiz iqtidarın günahı üzündən cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi: "Ağır şəraitdə xalqımız özünün dahi oğlu Heydər Əliyevə müraciət etdi, Onu təkidlə Azərbaycanda hakimiyyət sükanı arxasına dəvət etdi. Həmişə öz xalqının səsinə səs verən dünya şöhrətli dövlət xadimi Heydər Əliyev xalqın xahişi ilə Azərbaycanda hakimiyyətə qayıtdı. Bu gərgin mərhələdə böyük xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü və onu şərəflə yerinə yetirdi. Ulu Öndərin rəhbərliyi ilə qısa bir zaman kəsiyində ölkədə sabitlik bərqərar oldu, anarxiya inkişaf dövrü ilə əvəzləndi. Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz prosesə çevrildi".
Tədbirdə Milli Məclisin əməkdaşı Mirnizam Vahabov, gənc fəallardan Elvin Azər oğlu, Lalə Seyidzadə və başqaları çıxış edərək qeyd etmişlər ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə dövlətimizin mövqeyi daha da möhkəmləndirilib, regional müstəvidə təsir imkanlarını artırıb, ölkə iqtisadiyyatı bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoymuş və hazırda bu yolda inamla irəliləyir, həmçinin, dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin dönməz, sarsılmaz və əbədi olduğuna əminlik ifadə olunub.
RÖVŞƏN