Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının VIII konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının növbəti VIII konfransı keçirilib. Konfransda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 9442 nəfəri öz ətrafında birləşdirir: "Üzvlərin 2720 nəfəri hesabat dövrü ərzində partiya sıralarına qəbul olunublar ki, onların sırasında 3284 nəfərini gənclər və 3042 nəfərini isə qadınlar təşkil edirlər. Rayon təşkilatı ideya-siyasi işin təşkilində Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli nitqlərini, İcra Katibliyinin tövsiyyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəalliyyət istiqaməti kimi qəbul edərək həyata keçirib".
Sonra hesabat məruzəsi ilə YAP Saatlı rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Rahib Salahov çıxış etdi. Konfransda çıxış edən rayon təşkilatının şura üzvü Oqtay Məmmədov, Günəşli ilk partiya təşkilatının sədri Camasıddin Əhmədov razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülmüş, insanlara diqqət və qayğı artırılmış, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılmış, rahat avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunmuş, çoxlu sayda sosial obyektlər tikilmiş və əsaslı təmir olunmuşdur.
YAP Saatlı rayon təşkilatının gənclər birliyiyinin sədr müavini, Saatlı bələdiyyəsinin üzvü Mehriban Ağayeva çıxışında qeyd etdi ki, partiyamızın V qurultayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilməsi qadınların cəmiyyətdəki rolunu təsdiqləməklə yanaşı, partiyamızın fəaliyyətinə bir dinamizm qatmışdır. Eyni zamanda, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi xalqımızın sosial sifarişi, Onun xalqımızın sosial rifahının qorunmasında, mədəniyyətimizin hamisi kimi ölkəmizin nüfuzunun dünya miqyasında tanıdılması sahəsindəki çoxşaxəli fəaliyyətinin yüksək qiymətləndirilməsidir.
Konfransda Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd etdi ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir: "Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşıb, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib".
Konfransda çıxış edən millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda, xalqın istək və arzularının nəticəsi olaraq, tarixi zərurətdən yarandı: "Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verdi. Bu gündə də partiyamız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir".
Konfrans YAP Saatlı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi və qarşıdakı dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.
Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. YAP Saatlı rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi. Lütvəli Şıxəliyev yenidən YAP Saatlı rayon təşkilatının sədri seçildi. Konfransda YAP İcra Katibliyinin məsul işçisi Ramil Mirzəyev iştirak edib.
RƏFİQƏ