Tərtərdə 28 May Respublika Günü ilə əlaqədar dəyirmi masa keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının qərargahında rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Günü ilə əlaqədar dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov 28 May Respublika Gününün Azərbaycan xalqının və dövlətinin tarixində şanlı səhifə olduğunu qeyd edib, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində dövlət quruculuğu, qanunçuluq, ümumxalq əhəmiyyəti kəsb edən bir sıra qanunlar toplusunun qəbul olunmasından, Azərbaycan dövlətçilik ənənələrinin uzun tarixi müddətdən sonra bərpasından danışıb.
R.Şabanov bir sıra tarixi aspektlərə toxunaraq xatırladıb ki, 28 aprel 1920-ci ildə Rusiya imperisyasının kobud müdaxiləsindən sonra öz dövlətçilik müstəqilliyini itirən Azərbaycan sonrakı 71 il ərizndə Sovetlər Birliyinin tərkibində fəaliyyət göstərib: "1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi nüfuz və bacarığı sayəsində bugünkü Azərbaycanın təməli qoyuldu, Azərbaycan daxili çarpışmalardan, kürsü davasından, parçalanmadan, bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsindən qurtuldu".
"Qısa zaman ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafını təmin edəcək tədbirlər görüldü"-deyə qeyd edən R.Şabanov onu da bildirib ki, bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz səsini ucadan səsləndirməyi bacaran bir dövlətdir.
Dəyirmi masada çıxış edən rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri İntiqam Nuruyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, ali məktəblərin builki qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarından Cümşüd Qurbanov, Tural Yunisli, Fəridə Arazzadə, şəhər 6 saylı məktəbin müəllimi Çimnaz Əliyeva və başqaları çıxış edərək, 28 May Respublika Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildiriblər.
Dəyirmi masa diskussiyalarla başa çatdırılıb.
R.RƏSULOV