Muxtar respublikada “Naxçıvanı tanıyaq” kitabı işıq üzü görüb. 343 səhifədən ibarət olan elmi məqalələr toplusunda qədim diyarın fiziki-coğrafi şəraiti, təbii sərvətləri, iqtisadi-coğrafi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumatlar öz əksini tapıb.SİA-nın məlumatına görə, kitabın hazırlanmasında məqsəd 5 min illik tarixə malik olan Naxçıvanı tanıtmaqla bərabər, onun bugünkü yüksəlişini, elmi-mədəni, sosial-iqtisadi inkişafını oxuculara çatdırmaqdan ibarətdir.“Naxçıvanı tanıyaq” kitabı coğrafiya, biologiya, zoologiya, baytarlıq və digər ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar, qeyd edilən ixtisaslardan dərs deyən müəllimlər, eyni zamanda, qədim diyarın coğrafiyası, təbiəti, inkişafı ilə maraqlanan oxucular üçün mənbə rolunu oynayacaq.Naxçıvan Dövlət Universitetinin coğrafiya kafedrasının müdiri dosent Əli Həsənovun rəhbərliyi ilə hazırlanan yeni nəşrin redaktoru AMEA-nın müxbir üzvü Tofiq Əliyevdir. Kitabın hazırlanmasında professor Saleh Məhərrəmov, dosentlər Şəmil Mahmudov, Musa Piriyev, Həbib Hüseynov, Əli Tahirov, Hilal Qasımov, Lətifə Novruzova, Asif Axundov, baş müəllim Hüseyn Novruzov və AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından professor Əliyar İbrahimov, dosent Sahib Hacıyev və Heydər Əliyev adına tam orta məktəbin müəllimi Həsən Həsənov da yaxından iştirak ediblər.
sia.az