Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə bu gün “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Baş Prokurorluq, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və s. qurumların məsul əməkdaşları iştirak ediblər.Tədbirdə ictimai təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizlik amili, milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə təhsilin və medianın rolu müzakirə edilib.Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədr müavini Səyavuş Heydərov dünyanın güc mərkəzlərinin öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərlərin bu gün bəzi maraqlı qüvvələrin alətinə çevrilməsi, xüsusilə son dövrdə dinin siyasiləşdirilmiş formada yayılması və təqdim edilməsinin təhlükələri barədə, eləcə də dünyadakı ictimai-siyasi gərginlik, o cümlədən baş verən münaqişələrin dini və etnik zəmində olmasının beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratması barədə danışıb.Daha sonra DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri”, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə medianın rolu”, millət vəkili Elman Nəsirov “Din və terrorçuluq: əks qütblər”, Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov “Dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları”, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev “İctimai təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizlik amili”, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi “Dini radikalizm və ekstremizm milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi”, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi “Dini fanatizm, radikalizm və ekstremizm: mənəvi dəyərlərə əsas təhdid kimi”, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Maarifləndirici tədbirlər ideoloji təhlükəsizliyin təminatı kimi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov “Multikulturalizm siyasəti və dini dözümlülük milli təhlükəsizliyin əsasları kimi”, Təhsil Nazirliyinin nümayəndəsi İntiqam Cəbrayılov “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu”, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Hüseynov “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova “Azərbaycan ailəsinin zərərli dini ideologiyalardan qorunması” mövzularında çıxış ediblər.
sia.az