Azərbaycanda əməkhaqqı kartlarının sayı 2019-cu ilin 11 ayı ərzində, yəni yanvar-noyabr aylarında 266 min ədəd artıb, kredit kartlarının sayı isə 109 min ədəd azalıb. SİA Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin Noyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 207 min ədəd təşkil edib.Statistikaya görə, ödəniş kartlarının sayı oktyabrın sonunda cəmi 7 milyon 136 min ədədə təşkil edib və noyabrda cəmi ödəniş kartlarının sayı oktyabr ayının sonu ilə müqayisədə 71 min ədəd artıb.
Cəmi ödəniş kartlarının sayı Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min, İyulda 121 min ədəd, Avqustda 77 min ədəd, Sentyabrda isə 58 min ədəd artıb. Oktyabrda isə cəmi ödəniş kartlarının sayı 130 min ədəd azaldığı qeydə alınıb ki, bu azalma sosial kartların azalmasından qaynaqlanıb. Sosial kartların sayında azalma isə aqro kartların müddətinin bitməsi ilə əlaqədar olub.
Oktyabr ayı ilə müqayisədə noyabrda sosial kartların sayı 26 min ədəd artaraq 2 milyon 409 min ədəd, əməkhaqqı kartlarının sayı 30 min ədəd artaraq 2 milyon 306 min ədəd, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı isə 21 min ədəd artaraq 1 milyon 740 min ədəd təşkil edib. Kredit kartlarının sayı isə 7 min ədəd azalaraq 751 min ədədə düşüb. Qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalarını almaları üçün yeni fermer kartı veriləcək.
2018-ci ilin sonu ilə müqayisədə isə ötən ilin yanvar-noyabr ayları ərzində, yəni ötən ilin 11 ayında cəmi ödəniş kartlarının sayı 696 min ədəd, o cümlədən, əmək haqqı kartlarının sayı 266 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartların sayı isə 651 min ədəd artıb.
sia.az