Sosial

  • 8 632

Azərbaycana turist axını artıb

image

2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3,17 milyon nəfər təşkil edib

Azərbaycanın, dünyanın turist ölkəsi olaraq tanınması, ölkəmizə turistlərin axının güclənməsinə səbəb olub. Son illərin statistik göstəricilərinə nəzər saldıqda, bu artımın özünü büruzə verdiyini görərik. 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Turizm Agentliyindən aldığımız məlumata istinadən, təkcə noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13,3% artaraq, 241 minə çatıb. Builki artım 2018-ci ilin noyabr artımından iki dəfə çoxdur.
Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6%, təqribən, iki dəfə çoxdur. Ötən ilin son ayında isə, Azərbaycan artıq üç milyonuncu ziyarətçini qəbul etmiş oldu. Beləliklə də 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3,17 milyon nəfər təşkil etdi ki, bu da, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir.
Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda, Asiya və Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da, 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14,7% artım hesab olunur.
Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25,3% artım), Almaniya (20 min nəfər və ya 19,4% artım), İtaliya (12 min nəfər və ya 10,8% artım) və Fransadan (9 min nəfər və ya 15,2% artım) təşkil edib. Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan, müvafiq olaraq, 66,8% və 12,9% artım qeydə alınıb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26,1% artaraq, 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28,3% artaraq, 23 min nəfərə çatıb.
Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17% artım müşahidə edilib. Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək, 46,7% artım göstərib. Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62,4% artım müşahidə olunub.
Bu il ərzində, növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19,9%, Ukrayna üzrə isə, 2,4% artım müşahidə edilib.
Təbii ki, ölkəmizə turistlərin bu sayda axını dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqətin, həyata keçirilən dövlət proqramlarının, islahatların, layihələrin, eyni zamanda, keçirilən beynəlxalq görüşlərin və ölkənin turizm potensialının tanıdılması istiqamətində reallaşan tədbirlərin nəticəsidir. Əlbəttə ki, tədbirlərlə yanaşı, Azərbaycan özünün cəledici məkan olması da turistlərin Azərbaycana səfərində önəmli faktordur. Qədim və zəngin tarixi olan Azərbaycan turistlər üçün cəlbedici məkandır. Azərbaycanda dünyanın ən qədim qayaüstü rəsmlərindən biri yerləşir. Möhtəşəm Qız Qalası, Şirvanşahlar Sarayı, Mömünə Xatun Türbəsi, "Atəşgah" və neçə -neçə belə tarixi abidələrimiz, tariximiz olaraq milyonlarla insanların diqqətini cəlb edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər