Sosial

  • 9 293

"Nəsimi irsinin Azərbaycan multikulturalizmində rolu” - TƏLİM

image

Azərbaycan Gənclər Fondunun 13-cü Qrant müsabiqəsinin “İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar layihələr” istiqaməti üzrə “Nəsimi irsinin Azərbaycan multikulturalizmində rolu” layihəsi çərçivəsində Neftçala rayonu Heydər Əliyev Mərkəzində təlim keçirilib.Təlimi giriş sözü ilə aparıcı, Neftçala şəhər Bələdiyyəsinin üzvü Jalə Sərdarzadə açıb.

Layihə rəhbəri, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Gülnar Fərhadova layihənin məqsədi barədə iştirakçılara məlumat verib. Layihənin təlimçisi, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov İmadəddin Nəsimi irsindən nümunələrə istinad edərək ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verib.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Təhsil şöbəsinin əməkdaşları Tarverdi Hüseynov və Ələkbər Zahidov Nəsimi irsinin öyrənilməsi, mədəniyyətlərarası dialoq, milli və dini maarifçilik və tolerantlıq sahələrində iştirakda yeniyetmə və gənclərin fəallığının artırılmasının vacibliyini vurğulayıblar.
Neftçala rayonu İdman və Gənclər idarəsinin baş məsləhətçisi Xanım Ağayeva gəncləri layihə yazmağa həvəsləndirib və icrasına kömək edəcəklərini diqqətə çatdırıb.
Fəal gənc Turanə Quliyeva təlimdə iştirakın maraqlı olduğunu, Qrant müsabiqəsinə layihə təqdim edəcəyini qeyd edib.
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə Gənclər siyasəti və 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə məlumat verib və yeniyetmələrə könüllü fəaliyyətin vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq olduğunu izah edib.
Sonda təlim iştirakçılarının sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb. Təlimdə 100-dən çox Neftçala məktəblisi və rayon ziyalıları iştirak edib.

sia.az

Digər xəbərlər