Bakı metropoliteni son 5 ildə 75 yeni vaqon alıb

Metropolitenin vaqon parkının yenilənməsi prosesi davam edir.Bu barədə SİA-ya"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci ildə başlanmış bu proses nəticəsində xətlərdə yeni qatarları sərnişinlər də daha çox müşahidə etməyə başlayıb: "2020-ci ildə istehsalı vaxtında yekunlaşdırılan 20 vaqondan ibarət daha 4 qatar da sərnişinlərə xidmət göstərir. 2019-cu ilin oktyabr ayında "Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, gətirilmiş qatarların daha bir özəlliyi ondan ibarət oldu ki, onların “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqlarını artıq əvvəlki dövrdə müvafiq hazırlıq keçmiş və təcrübəsi olan işçilər apardılar. İki qatar iyun ayının 29-da, digər növbəti sərnişindaşıma qadağası götürüldükdən sonra, sentyabrın 14-də xəttə buraxılıb. Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı müasir vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb. Qatarlardan 3-ü “Həzi Aslanov-İçərişəhər”, 12-si “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edir.Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir".Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub".

sia.az