Əlillərə 22 mindən çox reabilitasiya vasitəsi verilib

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6237 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 957-si müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, qeyd olunan dövrdə Agentlik tərəfindən əlilliyi olan şəxslərə 477-si mühərrikli təkərli oturacaq olmaqla 669 təkərli oturacaq, 703 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 599 aşağı və yuxarı ətraf ortezi, 6947 müxtəlif reabilitasiya vasitəsi, 75 bel və boyun nahiyəsi üçün korset, 1263 cüt protez ayaqqabı, 1643 cüt ortopedik ayaqqabı, 479 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1305 qoltuqaltı və dirsəkaltı ağac, 1253 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 84 yüksək texnologiyalı protez verilib.

Ümumilikdə, son 6 ayda əlilliyi olan şəxslərə 22272 reabilitasiya vasitəsi təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Nazirliyin reabilitasiya müəssisələrində əlilliyi olan 1540 şəxsə stasionar, 143 şəxsə ambulator formada reabilitasiya xidmətləri göstərilib.