Tarixdən bu günə ierarxiya pilləkəni - SİYASİ TƏHLİL

Yunanca (Hierarchy) hakimiyyət və rütbənin mərhələsi mənası verən bu söz incəsənət, menecment kimi sahələrdə istifadə edilsə də əsasən siyasətdə öz əksini tapır. Xüsusilə dövlət idarəçiliyində, ən aşağı vəzifəli şəxsdən tutmuş ən yüksək pillədə olan liderə qədər səlahiyyət və məsuliyyət mərhələləri təşkil edir. Köhnə deyimdə buna "silsile-i meratip" də deyilir.İerarxik mədəniyyətlərdə vəzifələr, rollar və mövqelər insanlardan daha vacibdir. Bu tip quruluşlarda, rolları, vəzifələri təyin edən və qərarları verən şəxs ierarxiya pilləkəninin ən yüksək mərtəbəsində olur. Bu insanların sərhədsiz imtiyazlarını hər kəs bilir və hətta adi hal kimi qəbul edir. Bu mədəniyyətlərdə olan liderlərin hakimiyyəti və imtiyazları təbii hüquqlar olaraq qəbul edildikcə daha da avtoritar olurlar.Belə quruluşlarda liderin avtoritar davrana bilməsi də gözlənilir. Bu cəmiyyətlərdə bir liderin qətiyyət nümayişinə "yumruğunu masaya vurmaq" da deyilir. İerarxik olmayan strukturlarda informasiya həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru axır. Qərar vermək üçün iyerarxiyanın ən başında olmaq lazım deyil. İerarxik strukturlarda, bütün tabeçiliklərdən uzaq qalan diktatorlar yetişir və özləri birbaşa qərarlar alırlar. İş prosesləri isə daima yenilənir, daha çevik idarə təşkilatı qurulur.Bu struktur, bütün işçilərin öz işlərində məna tapmasını, işini məqsəd olaraq görməsini təmin edir. Beləliklə belə quruluşlarda ideoloji güc və əhatə çox mühümdür. Demək olar ki əksər ierarxik quruluş, iş məmnuniyyətinin, yaradıcılığın və töhfənin maksimuma çatmasını vəd edir. Bu cür quruluşlar insanların fərdi istedadlarını ortaya qoya biləcəyi ən əlverişli strukturdur.Belə bir sağlam ierarxik sistemdə ən zirvədən, pilləkənin ən son pilləsinə qədər mərhələli nəzarət var. Yəni hər pillə özündən aşağıdakına nəzarət edir və bu barədə özündən yuxarıya hesabat ötürür. Beləliklə yuxarıdakı pillə də özündən aşağıdakılara cavabdeh ola bilir.Siyasi konsepsiya olaraq konservatizmlə iç-içə olan bu sistem mühafizəkar idarəçiliklərdə görülməkdədir. Konservatizm həm də cəmiyyətdəki ierarxiyanı, yəni, sinif, vəzifə bərabərsizliyini də normal qəbul edir. Onlar inanırlar ki, cəmiyyətdə müəyyən ierarxik sistemin olması təbii bir hadisədir (məs: iş sahibi və işçilər, müəllim və tələbələr, valideyn və uşaqlar). Ancaq bu ierarxik sistem qətiyyən hər hansısa bir konfliktə səbəb olmur. Çünki bu sistemdə olan hər sinif öz vəzifəsini yerinə yetirir və qarşılıqlı olaraq hər kəs bir-birindən asılıdır. Konservatizm ierarxiyanın səbəbini şansla və doğuşla əlaqələndirir.Konfutsi fəlsəfəsində də ierarxik çalarları görmək mümkündür. Qısaca izah etsək bir fərd öz tutduğu mövqeyə tam şəkildə layiq olmalıdr. Əgər hökmdar əməldə yox, yalnız sözdə hakimdirsə, bu çox pis haldır. Konfutsi, Çin imperatorlarından birinə bu sözləri demişdi: "Dövlət, hakimin-hakim, təbəənin-təbəə, atanın-ata, oğulun-oğul olduğu halda çiçəkləyir". İmperator ölkənin atasıdır və təbəələr onun sadiq övladları olmalıdır. Ölkənin əhalisi isə uyğun olaraq 4 kateqoriyaya bölünürdü.

1. Anadangəlmə müdrik olanlar;
2. Müdriklik qazana biləcək insanlar;
3. Çətinliklə təlim görə biləcək insanlar;
4. Müdriklik qazana və bilik əldə edə bilməyəcək camaat.
Bu bölgü bir növ hind kastalarını da xatırladır. Belə demək olar ki, ierarxik quruluş bir çox sistemdə öz əksini tapıb. Təəccüblü deyil ki, Maks Veberin və bir çox filosofun səyləri ilə özünü siyasi konsepsiya olaraq tapan bu ideologiya bir çox quruluşda mövcuddur. Hətta bəzi demokratik dövlətlər də ierarxiyanı ideal idarəçilik konsepsiası olaraq görür.Pilləkənin ən yuxarısında olan olan liderlərin səhv edəcəyi təqdirdə faciələrlə gətirib çıxara biləcəyi bu quruluş bir çox yöndən də təhlükəlidir. Belə ki, nəzarətsiz diktatorun heç bir qüvvədən asılı olmadığını nəzərə alsaq, bu böyük bir risk kimi qəbul edilə bilər. Amma onu demək lazımdır ki, belə quruluşlarda xalq öz hakiminə bağlı olduğu üçün idarəçinin də üzərinə bir çox məsuliyyət düşür. Dünya nümunəsinə baxdıqda isə ierarxik sistemin liderlərinin əksər hallar bu məsuliyyəti laiqincə qiymətləndirdiyini görərik. Lakin bəzi hallarda da dünya ölkələri tərəfindən qeyri-demokratik adlandırılan bu qurluşlar, təziqlərə və tənqidlərə məruz qalır.

sia.az