Kişilər niyə evlənməkdən qorxur? - SORĞU

Son vaxtlar gənc oğlanlar evlilikdən qorxur. Kimisi bunu ağır məsuliyyətlə, kimisi maddiyyatla, kimisi də psixoloji problemlərlə əlaqələndirir. Məsələ ilə bağlı SİA olaraq şəhər sakinlərinin bu barədə fikirlərini öyrəndik:

Şəhər sakini Qönçə Quliyeva: “Məncə bunu hər kəsə şamil etmək olmaz. Bəzi insanlarda bu qorxu psixoloji olaraq yaranır. Bu qorxunun isə bir çox səbəbləri ola bilər. Birincisi insanın psixoloji olaraq beynində yaratdığı qorxulardır. İkincisi isə ailə basqısından yaranan qorxu var ki, ailənin ona təsiri nəticəsində baş verir. Bundan başqa elə kişilər var ki, məsuliyyət götürmək, evə vaxtlı-vaxtında gəlmək istəmir. Onlar ailə-uşaq məsuliyyəti daşımaqdan qorxurlar. Düşünürəm ki, bunların içində maddi sıxıntılar da önəmli faktordur”.

Şəhər sakini Nizami Nağıyev: “Kişilərin evlənməkdən qorxmasının ən başlıca səbəbi maddiyatdır. Maddi sıxıntıların olması onları çox qorxudur. Mən özüm çox gənc olduğum və təhsil aldığım üçün hələ ki, evlənməyi düşünmürəm”.

Şəhər sakini Murad Əliyev: “Hər insanın özünə görə fərqli problemi var. Düşünürəm ki, kişilər evlilikdən sosial vəziyyətə görə qorxur. Həmçinin burada psixoloji vəziyyətin də böyük rolu var”.

Şəhər sakini Tural Həşimov: “Zəmanə çox pisdir. Qızları tanımaq olmur. Düzdür, hər kəsə şamil deyil amma zəmanə çox korlanıb. İnsan inanıb güvənə bilmir. Sevgisizlik də baş alıb gedir. İndikilər evlənirlər bir həftə sonra boşanırlar. Elə buna görə də, ən yaxşısı evlənməməkdir. Amma başqa səbəblər də var. Maddiyyat da böyük problemlərdən biridir. Ümumilikdə isə insanın ünsiyyəti, xasiyyəti və davranışıdır. Türklər demiş “hər şey dengi-dengine olmalıdır”.

Şəhər sakini Flora Əhmədova: “Bunun cavabını kişilər daha dəqiq bilər. Qorxu daha çox maddiyata görədir”.

Şəhər sakini Emil Əliyev: “Maddi cəhətdən sıxıntılar onları çox çəkindirir. Düşünürəm ki, cəmiyyətdəki təbəqələşmə də buna təsir edir. Evlənəcəkləri adamla olan fikir ayrılıqları da onları qorxudur”.

Şəhər sakini Elbəniz Süleymanova: “Mənim də subay oğlum var. Amma heç də bütün kişilər evlənməkdən qorxmur. Bəziləri ayrı evi olmadığı üçün evlənmir. Hər kəsdə fərqli problemlər var”.

Şəhər sakini Kamal Qarayev: “Bu zəmanənin çətinliyindən irəli gəlir. Əslində, düşünürəm ki, kişilər evlilikdən qaçmaqla düz edirlər. Evlənmək üçün ilk öncə işin və gəlir yerin olmalıdır. Ailə saxlamaq asan deyil. Bunun üçün məsuliyyəti qəbul etməlisən. Güvənsizlik də var. Amma bu da insandan-insana görə dəyişir”.

Şəhər sakini Ziya Yaqubzadə: “Fikrimcə gələcəkdəki ailə qayğısı, problemlərlə üz-üzə qalmaq onları evlilikdən qorxudur. Bir müddətdən sonra da uşaq dünyaya gəlir ki, onun da həkim, geyim və xəstəxana kimi qayğıları var. Bunları hamısını qarşılamaq lazımdır. Evlilikdən qorxmaq lazım deyil. Bu qorxunu tövsiyyə etmirəm. Evlilik gözəl birşeydir. İnsan evləndikdə məsuliyyətin nə demək olduğunu anlayır. Həmçinin bu zaman ailəyə daha yaxın olub həyatı da dərk edirsən”.

Ayşən Vəli