PDF Oxu

Sosial

  • 2 238

Həyati təhlükəsizliyimiz üçün vaksinasiya olunaq - TƏHLİL

Həyati təhlükəsizliyimiz üçün vaksinasiya olunaq - TƏHLİL

Bu gün dünya miqyasında, eləcə də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı yaranmış mənzərə bu virusun nə qədər təhlükəli olduğunu bir daha ortaya qoymuş olur. Hər gün ölkəmizdə onlarla insanın bu virusun qurbanına çevrilməsi həqiqətən də, qorxulu düşmənin içimizdə yaşadığından xəbər verir. Çindən başlanan virus infeksiyası sanki işıq sürəti ilə tez bir zamanda dünya ölkələrinə yayıldı və insanların gizli düşməninə çevrildi. Virusun təhlükəli olduğunu nəzərə alan dövlətimiz tərəfindən tez bir zamanda COVID 19-la mübarizə məqsədi ilə tədbirlər görüldü. Yoluxma halının qarşısının alınması məqsədi ilə görülən işlər, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi, qapanmalar və bu kimi qərarların qəbul edilməsi virusun yayılmasının qarşısının alınmasına qarşı istiqamətlənmişdir. Qısa zamanda modul xəstəxanaların istifadəyə verilməsi, "Yeni klinika"nın açılışı və s. dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sırasındadır. Bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında Azərbaycanın adının yer alması həyata keçirilən tədbirlərin məntiqi nəticəsi idi. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunaraq sağalıb və bu proses bu gün də davam etməkdədir. Müalicə prosesləri uğurla aparılır və xidmət keyfiyyəti yüksəkdir.

Əlbəttə ki, bu gün də ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər davamlı olaraq həyata keçirilir və vəziyyət daim nəzarətdədir. Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də təbii ki, ölkəmizdə reallaşan tədbirlərin təzahürüdür. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda "COVID-19"-la mübarizə istiqamətində görülən tədbirlər sırasında əhalinin vaksinasiyası da uğurla reallaşır. Hər gün yüzlərlə insan yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyonu ötüb. Bu statistik rəqəm onun göstəriisidir ki, hər bir vətəndaş peyvəndlənməyə məsuliyyətlə yanaşır. Vətəndaşların bu bəladan xilas yolu vaksinasiyadır. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Vaksinasiya başlanılan ilk günlərdə tərəddüd edənlər bu gün artıq bunun nə qədər vacib olduğunu anlayırlar. Əvvəlki günlərimizə qayıtmaq üçün məsuliyyətli olmalı, düşmənə qalib gəlməli "Biz birlikdə güclüyük" deməliyik. Əlbəttə ki, bir daha vurğulamaq yerinə düşər ki, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir.

AZƏRBAYCAN HAZIRKI QLOBAL TƏHLÜKƏNİ MİNİMUMLAŞDIRMAQ ÜÇÜN SƏMƏRƏLİ TƏDBİRLƏR HƏYATA KEÇİRƏN ÖLKƏLƏRDƏN BİRİDİR

Hazırkı qlobal problemin təsirindən müdafiəsi ölkəmizdə hər bir vətəndaşın vaksinasiya cəlb edilməsi üçün lazımi tədbirlər görülüb. Hətta, ölkəmizdə səyyar vaksinasiya məntəqəlri yaradılıb. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimumlaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçirməsinin, eyni zamanda, onun yayılmasının azalmasında mühüm rol oynayır. Amma vaksinasiya olunan insanlarda bu arxayınçılıq yaratmamalıdır. Mütəxəssislərin fikrincə, vaksinasiya və eləcə də yoluxma zamanı əmələ gələn təbii anticisimlər yenidən yoluxma zamanı simptomların ağır keçməməsinə və xüsusən ağır dərəcəli həyati təhlükə təşkil edən immun reaksiyaların yaranmaması üçündür.

Əlbəttə ki, bu gün ölkəmizdə yaradılan şərait bəzi ölkələrdə müşahidə olunmur. Belə ki, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus G20 ölkələrinin liderlərinə müraciət edərək, onları COVID-19 əleyhinə peyvəndləri ən kasıb ölkələrlə bölüşməyə və bu miqyasda pandemiyanın təkrarlanmasının qarşısını almağa çağırıb. O bildirib ki, bütün dünyada 5 milyard dozadan çox peyvəndin tətbiq edilməsinə baxmayaraq, yoluxma və ölüm hallarında kəskin artım qeydə alınır. Tedros Qebreyesus dünyada peyvənd kampaniyası qeyri -bərabər olduğunu diqqətə çatdırıb. Belə ki, statistik rəqəmlərə istinad edərək bildirək ki, bu dozaların təxminən 75 faizi cəmi 10 ölkənin sakinlərinə vurulub. Afrikada peyvəndlə əhatə cəmi 2 faizdir. ÜST rəhbərinin fikirlərinə istinadən qeyd edək ki, COVID-19 pandemiyasını yalnız dünya əhalisinin ən azı 70 faizi peyvənd edildikdə dəf ediləcək. Cari ilin sentyabr ayına qədər hər bir ölkə əhalisinin ən azı 10 faizi, ilin sonuna qədər - 40 faizi və gələn ilin ortalarına qədər - 70 faizi peyvənd olunmalıdır.

DİNİNDƏN, İRQİNDƏN ASILI OLMAYARAQ BÜTÜN BƏŞƏR ÖVLADINA MÜNASİBƏT EYNİ OLMALIDIR

Azərbaycan hər zaman dünaynı sülhə, ədalətə çağırdığı kimi, bu məsələdə də mövqeyin ortaya qoymuşdur. Bildiyimiz kimi, peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək, BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürmüşdü. "Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir" deyən dövlət başçısı İlham Əliyev bildirib ki, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Dövlət başçısını sözlərinə görə, beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

Əlbəttə ki, dinindən, irqindən asılı olmayaraq bütün bəşər övladına münasibət eyni olmalıdır. İnsanların kasıb, yaxud varlı ölkələrdə yaşamasından asılı olmayraq, insan amilinə diqqət ayrılmalı və bütün bəşər övladı bu bəladan qısa bir zamanda xilas olmalıdır. Bu yol vaksinasiya olunmaqdan keçir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər