Karantin cərimələri hansı halda silinə bilər? - HÜQUQŞÜNAS DANIŞDI

“Cərimələrin ödənilməsindən çətinliklər çəkən şəxslərlə bağlı belə bir tədbirin nəzərdə tutulması hal-hazırda mümkündür. Amma hələlik bu barədə heç bir məlumat yoxdur. Təbii ki, insanların maddi vəziyyəti nəzərə alınaraq cərimələri ləğv etmək yaxşı haldır”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, lakin mövcud vəziyyətlə əlaqədar cəmiyyətin maddi durumundan çox insanların sağlamlığı önəmlidir: “İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə və karantin rejiminin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manata, vəzifəli şəxslər isə 4000 manatdan 5000 manata qədər, yaxud işin hallarına görə xətanı törədən şəxsi nəzərə alınmaqla bir ay müddətinə inzibati həbs tətbiq olunur”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsinə görə epidemiya əleyhinə rejim və sanitar gigiyena karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrin istifadəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə vəzifəli şəxslər hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısını alınmasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə oluna bilər”.

Ayşən Vəli