Cəmiyyət

  • 558

Tələbə adını qazanan məzunlarla görüş keçirilib - Astarada

image

Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.

İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev M.Ə.Sabir adına Astara şəhər 1 saylı və Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəblərində müəllim və şagird kollektivi ilə görüşmüşdür. Xüsusi karantin rejimi dövründə tədrisin ənənəvi formada təşkili ilə maraqlanmış, şagird və müəllim kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, tövsiyə və tapşırıqlarını vermişdir. Bildirmişdir ki, hazırda müəllimlər qarşısında duran ən mühüm vəzifə koronavirus pandemiyasına görə tətbiq edilən qaydalara əməl edilməklə tədrisin aparılmasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın xəstəlikdən qorunmaq üçün tövsiyə və tapşırıqları barədə şagirdlər gündəlik məlumatlandırılmalı, qoyulan tələblərə qeyd-şərtsiz əməl olunmalıdır. Çətin də olsa pandemiya dövründə tədrisin bu şəkildə aparılması vacibdir.

Rayon icra hakimiyyətinin başçısı məktəblərin foyesində hazırlanmış “Vətən Müharibəsi Şəhidləri” stendləri ilə tanış olmuş, şagirdlərə yüksək bilik verməklə yanaşı onların vətənpərvər ruhda yetişdirməyin vacibliyini xüsusi vurğulamışdır.

Məktəb rəhbərləri son illərdə təhsildə əldə edilən nailiyyətlər barədə məlumat vermiş, yeni tədris ilinə müvəffəqiyyətlə davam etmək üçün səy və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişlər.

Qeyd edilmişdir ki, 2020-2021-ci tədris ilini müvəffəqiyyətlə başa vuran Astara ümumtəhsil məktəblərinin 238 nəfər məzunu Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmışlar. M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin XI sinfini bitirən 17 nəfər məzunun hamısının ali məktəblərə daxil olması isə təqdirəlayiq haldır.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış həmin gənclərlə görüşmüş, bu müvəffəqiyyətlərinə görə onları təbrik etmişdir. Bunun böyük nailiyyət olduğunu qeyd edərək, bu işdə əməyi olan müəllimlərə minnətdarlıq etmiş, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi arzulamışdır.

Bildirmişdir ki, dövlətimizin bu günkü yüksək inkişafında, tərəqqisində Ulu Öndər Heydər Əliyevin dahiyanə xidmətləri olmuşdur. Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev böyük uzaqgörənliklə və inamla müstəqil Azərbaycanımızı işıqlı gələcəyə aparır. Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində şanlı zəfər tarixi yazaraq, bizə böyük qələbə sevincini yaşatması bu uğurlu inkişafın bariz nümunəsidir. Siz belə bir qalib dövlətin vətəndaşı olmağınızla həmişə fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz. Tələbə adını qazandığınıza görə bir daha sizi ürəkdən təbrik edir, təhsil yollarında hamınıza uğurlar arzulayıram.

Görüşdə çıxış edən Azərbaycan Universitetinin tələbəsi Səfərov Elnur Azər oğlu gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılığını bildirmiş, görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişdir. Dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri, yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini, Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəklərini söyləmişdir.

Yekunda rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev tələbələrə xatirə şəkli çəkmişdir.

Digər xəbərlər