YAP Quba rayon təşkilatı tərəfindən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlər davam etdirilir. Bu görüşlərin davamı olaraq, YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və YAP fəalları Quba rayon Aşağı-Atuc kəndindən olan şəhid Əliyev Həmzə Tərlan oğlunun ailəsini ziyarət ediblər. Qeyd edək ki, 1998-ci il oktyabrın 1-də Qubanın Aşağı Atuc kəndində anadan olan Əliyev Həmzə Tərlan oğlu kənd tam orta məktəbində təhsil almışdı. Sadəliyi, mehribanlığı, qayğıkeşliyi, vətənpərvərliyi ilə bütün müəllim və şagirdlərin, kənd sakinlərinin, dostlarının dərin hörmətini qazanmışdı. Həmzə Əliyev Goranboy rayonunda "N" saylı hərbi hissənin artileriya bölüyündə xidmət etmişdi. Və ilk günlərdən hərbi andın tələblərini layiqincə yerinə yetirmiş, özünü nümunəvi, vicdanlı, intizamlı bir əsgər kimi göstərmiş, yoldaşları arasında hörmət qazanmışdı.
İkinci Qarabağ müharibəsi başlanan zaman respublikamızda səfərbərlik elan olunanda yüzlərlə qubalı kimi Həmzə də vətənin müdafiəsinə yollandı. İlk gündən əlinə silah alıb Cəbrayılın Vələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidcəsinə vuruşub. Həmzə Əliyev Vətən torpağının azadlığı uğrunda qəhrəmancasına şəhid olub. O, ölümü ilə ölməzlik qazanmış, şəhidlik zirvəsinə ucalmışdır. Qubanın Şəhidlər xiyabanında dəfn olunub. Həmzə Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərancamına əsasən, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək, Şəhidlik zirvəsinə ucalıblar.O, qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri, övladları da bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpağlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları- Şəhidlərimiz, Qazilərimiz bizim qürur mənbəyimizdir.
YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini bildirib.
NƏZAKƏT ƏLƏDDİNQIZI