Yasamal rayon icra hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Yasamal rayonunda Vətən müharibəsi şəhidlərimiz yad edilib. 44 günlük Vətən Müharibəsinin şəhidləri, kapitan Həmidağa Hüseynzadə anım günündə, Rəşad Mikayılzadə isə doğum günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən anılıblar. Şəhid hərbi qulluqçuların Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Anım mərasimdə iştirak edən Yasamal rayonu icra hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Həmidağa Hüseynzadə müharibədə göstərdiyi rəşadətə görə, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, Rəşad Mikayılzadə isə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişlər. Yasamal rayonu icra hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda işğalçı erməni ordusunu ağır məğlubiyyətə uğratdığını bildirdi. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük qələbəni gətirdi. Bu şanlı tarixi qələbəyə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən şəhid kapitan Həmidağa Hüseynzadə və Rəşad Mikayılzadənin xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Mərasimdə çıxış edən şəhidlərin yaxınları öz xatirələrini bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər. Anım mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayonu icra hakimiyyəti aparatı əməkdaşları və Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhidlərin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Nəzakət Ələddinqızı