PDF Oxu

Sosial

  • 3 985

Vətənpərvərlik hissi gənclərə necə aşılanır? - SORĞU

Vətənpərvərlik hissi gənclərə necə aşılanır? - SORĞU

“Məlum olduğu kimi Vətən müharibəsinin başlandığı tarixdən 1 il keçir və biz 27 senytabr Anım Günündə şəhidlərimizin əziz ruhunu yad etdik. Düz bir il öncə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və biz 30 ilə yaxın davam edən torpaq həsrətimizə son qoyduq. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Onun sözlərinə görə, bu ərazi bütövlüyünün bərpa olunmasında əsas rol oynayan Azərbaycan Ordusunun böyük əksəriyyəti Azərbaycan gənclərindən təşkil olunub: “Cənab Prezident Şuşada olarkən çıxışında da qeyd etdi ki, Azərbaycan Ordusunun əsas hissəsini təşkil edən gəncliyimiz onun rəhbərlik etdiyi dövrün gəncliyidir. Yəni bu son 17-18 ildə formalaşmış Azərbaycan gəncliyidir. Həqiqətən də Vətən müharibəsi bir daha sübut elədi ki, bu gün formalaşmış Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq məhkurəsi kimi dəyərlərə sahib gənclikdir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, bu həqiqətən də dünya tarixinə qızıl hərflərlə yazılacaq bir qələbədir. Təbii ki, Vətən müharibəsində qazanılan qələbə özü ilə reallıqları da gətirdi. Bu reallıqlar eyni zamanda bugünkü Azərbaycan gəncliyinin üzərinə bir çox başqa məsuliyyət və vəzifələr də qoyur. Bu məsuliyyət və vəzifələr də odur ki, bizim gəncliyimiz Azərbaycanın müstəqilliyinin qorunub, saxlanılmasında, mövcud inkişafın daha da sürətləndirilməsində qazanılmış qələbənin qorunub, saxlanılmasında və gələcək nəsillərə ötürülməsində var gücü ilə çalışmalıdır. Bu heç bir ictimai-siyasi düşüncədən, mövqeyindən asılı olmayaraq bütün gənclərimizin borcudur. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq biz də fəaliyyətimizdə həm birbaşa üzvümüz olan gənclərlə, həm də eyni zamanda bütün Azərbaycan gəncliyi ilə bu yeni reallıqların fonunda bu dəyərlərin və amillərin gənclərimizə daha çox aşılanması üzərində qururuq. Bu məqsədlə bu istiqamətdə gənclərimiz ilə ölkəmizin müxtəlif regionlarında mütəmadi olaraq görüşlər keçiririk. Bu istiqamətdə birbaşa olaraq gənclər arasında kommunikasiyanın gücləndirilməsində, gənclər arasında bu istiqamətdə daha dayanıqlı fikrin formalaşmasında fəaliyyətlərimizi həyata keçiririk. Əlbəttə ki, gələcək dönəm üçün də fəaliyyətimiz yenə bu istiqamətdə öz işlərimizi davam etdirməkdir ki, bu vətənpərvərlik, dövlətçilik dəyərləri bizə və bizdən sonrakı gəncliyə ən uğurlu şəkildə ötürülsün”.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin əsasını, bir şəxsin yurduna, vətəninə bağlılığını ifadə edir. Ulu Öndər Heydər Əliyev öz çıxışlarında qeyd etdiyi “Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Hər bir vətəndaş vətənpərvərlik hisləri ilə yaşamalıdır” fikrinə əsaslanaraq 44 günlük şanlı zəfərə imza atmış dövlət üçün gənc nəslin vətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyəsi mühüm önəm kəsb edir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycan Gəncliyi Dövlət Proqramları Azərbaycan Gənclərinin inkişaf strategiyası proqramında ölkə gənclərinin vətənpərvər ruhda böyüdülməsi, onlarda mənəvi və fiziki dözümlülüyün artırılması xüsusilə qeyd edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5-ci bəndində “Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” hissəsinin qeyd edilməsi bu istiqamətdə perspektivlərin müəyyən edilməsi üçün mühüm xarakter daşıyır. Ölkənin gənclər siyasətinə öz töhfələrini verən “İrəli” İctimai Birliyinin fəaliyyət istiqamətləri arasında vətənpərvərlik istiqamətinin ön sırada yer alması məhz bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək məqsədi daşıyır. İndiyədək baş tutmuş “Marş İrəli”, “Hərb Oyunları”, “Virtual Məkanda Azərbaycan”, “Xaricdən Milli Baxış”, “Məndən Başlanır Vətən” və s. kimi layihələri gənclərin həm fiziki, həm də zehni cəhətdən sağlam, rəqabətədavamlı gəncliyin formalaşmasına yönəlmişdir.

Belə ki, layihələr çərçivəsində gənclər müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə təlimlərdə iştirak etmiş, öz bilik və bacarıqlarını inkişaf etdirmişlər. Vətən müharibəsi zamanı təkcə Marş İrəli layihəsinin 18 dən çox aktiv iştirakçısı və təşkilatın digər üzvləri könüllü şəkildə ön cəbhəyə yollanmış, fəallıq göstərmiş, otuz ilə yaxın davam edən işğala son qoymuş, torpaqlarımızın işğaldan azad edilməsi kimi mühüm missiyanın öhdəsindən uğurla gəlmişdir. Bu gənclərdən bir çox torpaqların işğaldan azad olunmasına görə cənab Prezident tərəfindən medallarla təltif edilmişdir. Bu bir daha İrəlinin vətənpərvərlik mövzusunda təşkil etdiyi layihələrin effektivliyini ortaya qoyur. Müzəffər Ali Baş Komandanın öz çıxışlarında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə alması, onların bu istiqamətdə formalaşmasına xüsusi qiymət verməsi biz gənclərə böyük stimul verir və inanırıq ki, bundan sonra da, bu sahədə həyata keçiriləcək tədbirlərimizin sayı daha çox olacaq”.

ATGT-nin sədr müavini Nicat İsmayılov: “Qürurvericidir ki, bu illər ərzində vətənpərvərlik ruhunda böyüyən gənclərimiz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar nümayiş etdirdilər. Bütün dövrlərdə gənclərimiz dövlətinə və millətinə bağlı olmuş, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri bizi 30 ildir həsrətində olduğumuz müqəddəs torpaqlarımıza qovuşdurdu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm salnamə yazdılar. Bu tarixi missiyanın həyata keçirilməsində gənclərin xüsusi əməyi oldu. Ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar arzu edirəm. Şəhidlərimiz və qazilərimiz bizim qürur mənbəyimizdir. Qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin Vətən müharibəsində 18 nəfər məzunu şəhidlik zirvəsinə ucalmışdır. 100 nəfərdən çox tələbə və məzun Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmişdir. BDU Tələbə Gənclər Təşkilatı olaraq şəhid və qazi məzunlarımızın gənclər arasında tanıdılması, onların xatirəsinin əbədi yaşadılması istiqamətində təşkilatımız bir sıra layihələr həyata keçirir. Qeyd etmək istəyirəm ki, Universitet rəhbərliyinin iştirakı ilə şəhid məzunlarımızın ailələri ziyarət olunur, qazilərimiz və müharibə iştirakçılarımızla mütəmadi görüşlərimiz keçirilir. Bu istiqamətdə Tələbə Gənclər Təşkilatı olaraq tədbirlər planı hazırlamışıq. Onlar haqqında videoçarxlar, müsahibələr təşkil olunur. Onların keçdiyi şərəfli döyüş yolu haqqında tədbirlərin keçirilməsi düşünürəm ki, tələbələrdə qəhrəmanlıq hisslərinin aşılanmasında çox önəmli rol oynayacaqdır".

Nicat İsmayılov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, müharibə dövründə BDU tələbə və gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz fədakarlıq nümayiş etdirdilər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, erməni yalanlarının ifşa olunmasında gənclərimiz öz səylərini tam səfərbər edərək 44 gün ərzində bütün dünyaya vətənpərvər gəncliyin nümunəsini sərgilədilər: "Məlumdur ki, 27 sentyabr Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Anım Günü” kimi qeyd olunur. Universitetimizdə Tələbə təşkilatlarının da iştirakı ilə Anım Gününə həsr olunmuş 20-dən çox tədbir, layihə, ağacəkmə aksiyası, intellektual yarışma, müsabiqələr keçirildi, ilk dərslər məhz Anım Gününə həsr olundu. Hazırda şəhid ailələrinə ziyarətlərimiz davam edir, qazilərimizlə görüşlərimiz keçirilir. Tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, Azərbaycanın şanlı tarixinə əbədi həkk olan 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizin geniş təbliği, qəhrəmanlarımızın gənclər arasında daha da tanıdılması istiqamətində BDU Tələbə Gənclər Təşkilatı bundan sonra da əzmlə çalışacaq, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasına, onların milli ruhda, mənəvi dəyərlərə bağlı yetişməsinə öz layiqli töhfəsini verəcəkdir”.

Arzu Qurbanzadə

Digər xəbərlər