PDF Oxu

Sosial

  • 9 883

Bakı Zooloji Parkı ən müasir səviyyədə qurulub TƏHLİL

image

Dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasında Azərbaycanın yer alması ölkəmizin davamlı inkişafının təmin olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasətin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsinin nəticəsidir. Dövlət başçısı tərəfindən imzalanan dövlət proqramlarının, sərəncamların uğurla icra olunması nəticəsində ölkəmiz daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran, innovativ inkişafa yol açan dövlətə çevrilir.

Bu gün Azərbaycanın hər bir bölgəsi yeni inkişaf dövrünü yaşayır. Rayon və şəhərlərdə infrastruktur layihələri reallaşır və hər kənd, hər qəsəbə müasirləşir. Bütün regionun ən iri sənaye, elmi və mədəni mərkəzi olan Azərbaycanın paytaxtı Bakı da gündən-günə inkişaf edərək dünyanın ən gözəl şəhərləri sırasında yer alıb. Bakı qədimliyi ilə müasirliyin vəhdətində füsünkar görünür. Ərazinin böyüklüyünə və əhalinin çoxluğuna görə Bakı hələ qədimdən Şərqin ən böyük şəhərlərindən biri sayılmışdır.

Əzəməti ilə seçilən Bakının tarixi abidələri ona başqa bir rəng əlavə edir. Bakının mərkəzində qədim qala – İçəri şəhər yerləşir, bura YUNESKO-nun Ümumdünya irsi siyahısına salınmış yaşayış məhəlləsi və tarixi-memarlıq qoruğudur. Şirvanşahlar sarayı, Qız qalası, XVII əsrin atəşpərəstlər məbədi – Atəşgah və s. şəhərimizə gələn hər kəsin diqqətini cəlb edir. Bu möhtəşəm tikililər neçə əsrlərin sorağıdır. Bütün bunlarla yanaşı, müasir Bakının yeni rəmzləri meydana gəlib. Dünyanın seyr etdiyi 3 qüllədən ibarət "Alov Qüllələri" kompleksi, ən müasir konsert kompleksi olan "Crystal Hall" və onlarla belə möhtəşəm tikililər Bakıya xüsusi yaraşıq vermişdir. Əlbəttə ki, şəhərimizdə salınan yeni parklar, yaşıllıqlar, yeni keçidlər paytaxtımıza yeni görkəm verib.

ZOOLOJİ PARKDA GENİŞMİQYASLI YENİDƏNQURMA İŞLƏRİ APARILIB

Bakı şəhərində yerləşən zooparkı da onun görəminə bir rəng əlavə edir. Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub və parkının yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər. Vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb. Zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Azərbaycanın "Qırmızı kitab"ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Bakı heyvanat parkında adı "Qırmızı Kitab"a düşmüş, nəsli kəsilməkdə olan və nadir növlər gətirilib saxlanılır. Bunlara ceyran, Dağıstan turu və nəcib maral, qırmızı canavar kimi heyvanlar daxildir. Heyvanat parkında olan yırtıcı quşların əksəriyyəti – berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib, qorunur. Sürünənlərdən Aralıq dəniz tısbağası yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, "Qırmızı kitab"a düşən növlərin sayı isə 22-dir.

Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Bakı heyvanat parkında Azərbaycanın faunasına aid olan adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanmışdır.

Bakı heyvanat parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır.

Qeyd edək ki, zoopark yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər