“Ümumiyyətlə insanların son dönəmlərdə əhval-ruhiyyələrində aksept halları depressiya olaraq dəyərləndirilir. Amma depressiya artıq ağır dərəcədə bir xəstəlikdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nuranə Cəfərova deyib.
Onun sözlərinə görə, bir həftəni aşmış bir durum yoxdursa, bunu depressiya olaraq dəyərləndirmək olmaz: “Düzdür, depressiya bəzi insanlarda gizli olur, yəni açıq şəkildə özünü büruzə vermir. Amma təbii ki, insanın davranışları, artıq normaldan fərqli bir hala gəlməsi müəyyən bir siqnallar verir. Əgər davranışlarında bu cür vəziyyətlər bir həftəni aşır, bir neçə ay davam edirsə bu artıq depressiyadır. Depresiyanın sonuncu mərhələsi isə, artıq bu hissin itməsidir. Bu ciddi bir xəstəlik kimi qəbul edilir. Depressiyaya daha çox rutin şəklində davam edən həyat tərzi səbəb olur. Eyni zamanda fərqli, çox yüklənmiş həyat tərzi, bu zaman ortaya çıxan basdırılmış duyğular da depressiyaya səbəb ola bilər”.
Psixoloq fikirlərinə davam edərək bildirib ki, depressiyadan çıxmaq üçün ilk olaraq, insan həyat tərzini dəyişməyə başlamalıdır: “Əgər ətrafımızdakı insanlarda bir neçə ay davam edən depressiv hallar müşahidə olunursa və onları bu vəziyyətdən çıxarmaq üçün harasa getməyi, bu zaman düzələcəkləri kimi fikirlər səsləndirmək yanlışdır. Çünki depressiyaya köklənmiş bir insan bu cür hallara diqqət etməyəcək. O, insanı sadəcə olaraq dinləyib, “səni başa düşürəm, anlayıram” şəklində dialoq qurmaq lazımdır. Bu qədəri yetərlidir, daha sonra artıq bir mütəxəssisə yönləndirilməlidir. Təbii ki, depressiyadan çıxmağın ən yaxşı yollarından biri insanın yaşadığı həyata öyrəşməsinə və fərqindəlik qazanmasına kömək etməkdir. Bunun üçün isə ən uğurlu yollardan biri 15 dəqiqəlik yürüşlər, təmiz havada gəzmək, ona söhbəti xoş gələn insanlarla birgə vaxt keçirə bilməkdir. Bu həm də onun gündəlik həyatında dəyişikliyə səbəb olacaq. Lakin hər bir halda artıq kök salmış bir depressiyanı aradan qaldırmaq üçün bir müddət davam edəcək terapiyalara ehtiyac var. Ağır depressiyada olan insanlara “mən səni terapiya ilə normal həyatına qaytaracam” deməyin özü də yanlışdır. Çünki bu cür insanlara dərman terapiyası da vacibdir. Hər bir halda bir insanın depressiv halları uzun müddət davam edirsə, mütləq mütəxəssisə göstərilməli və ən vacibi depressiyaya nəyin səbəb olduğunu tapmaq lazımdır”.
Səbinə Hüseynli