PDF Oxu

Sosial

  • 6 362

Evə peç alarkan NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR? - FOTOREPORTAJ

image

İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən amillərdən biri də müasir dövrün tələblərinə cavab verə bilən müvafiq infrastruktur və kommunal xidmət sahələrinin, o cümlədən istilik təchizatı sistemlərinin yaradılmasıdır.

İnsan orqanizminin normal əhval-ruhiyyəsinin təmin edilməsi və bəzi texnoloji proseslərin tələbatlarını ödəmək üçün bina və qurğuların daxilində temperaturun müəyyən sərhədlərdə saxlanması tələb olunur. Hazırda isə müxtəlif istilik sistemlərindən istifadə olunur.

Bu mövzu ilə bağlı araşdırma apardığımız zaman kamin və kombi mağazalarına yaxınlaşdıq və maraqlı faktlarla rastlaşdıq.

İlk olaraq “Lidor” kamin mağazasına yaxınlaşdıq.

Mağazanın meneceri Seyfulla Babayev: “İstər pandemiyadan əvvəl, istərsə də indiki vəziyyətdə kaminlərə olan tələbat o qədər də çox deyil. Davamlı şəkildə əlaqədə olduğumuz müştərilər isə sadəcə servis xidmətimizdən daimi olaraq istifadə edirlər. Əgər servis xidmətiniz varsa və keyfiyyətli xidmət göstərirsizsə, müştərilər yaranan problemdə ilk sizlə əlaqə saxlamağa üstünlük verəcək. Mağazamızda həm dekorativ, həm də həqiqi kaminlər mövcuddur. Dekorativ kaminlərin evi istiliklə təmin etmə dərəcəsi o qədər də yüksək deyil. Qiymətlər isə minimum olaraq 600-700 AZN-dən başlayır. Hazırda 5 xarici şirkətin rəsmi nümayəndəsiyik. Avropa şirkətləri ilə əməkdaşlıq edirik. Yerli istehsalatı başlatmaq isə ən böyük arzumdur. Amma bu çox çətin məsələdir. Bu mağazanı təsis edən isə mənim atam olub. Onun uşaqlıqdan odun peçlərinə xüsusi marağı olub. Bu marağını isə iş olaraq davam etdirib. Bu elə bir işdir ki, sırf gəliri düşünüb işləmək mümkün deyil. Çünki hər kəs evində kamindən istifadə etmir. Bu işdə olan insanın düşünürəm ki, mütləq əlavə gəlir yeri olmalıdır. Əks təqdirdə bu cür işləmək yetərli qədər çətin olacaq. Mən isə nə qədər çətinliklər olsa belə, bu mağazanı bağlamağı düşünmürəm. Çünki burada atamın əziyyəti var. Bu kaminlərin isə istər dekorativinin, istərsə də həqiqi kaminlərin heç bir zərəri yoxdur. Düşünün ki, bir evdə od yanır, bunun həmin evə, ocağa hansı mənfi təsirləri ola bilər ki?”.

Digər bir kamin mağazasından da maraqlı fikirlər əldə etdik.


“Deluxe” kamin mağazasının texniki müdiri Emil İsmayılzadə: “
Pandemiyadan əvvəl və indi müştəri kütləsində bir fərq yoxdur. Əvvəl necə idisə, indi də elədir. Müştərilərimiz yetərli qədərdir. Amma təbii ki, pandemiya hər kəs kimi bizə də öz təsirini göstərdi. Bildiyimiz kimi, kaminlər həm dekorativ, həm də həqiqi olur. Dekorativ kaminləri daha çox bina evlərində yaşayanlar istifadə edirlər. Çünki bu modellərdə artıq baca sisteminə ehtiyac yoxdur. Sadəcə elektrik enerjisi ilə işləyir. Lakin qazlı və odunlu kaminlərdə baca sisteminə ehtiyac var. Biz xarici şirkətlərlə işləyirik. Buna baxmayaraq Bakıda ən ucuz qiymətlər bizə məxsusdur. "Dimplex" - elektrikli kaminlər İrlandiya brendi, "Schiedel" - seramik baca sistemi Almaniya brendi, "İnvita" odunlu qazli kaminlər Fransa brendi,İtalkero - İtaliya brendi, "Spartherm" - odunlu kaminlər Almaniya brendinin məhsulları mağazamızda mövcuddur. Çinin, Koreyanın məhsullarını isə ümumiyyətlə mağazamızda satmırıq, çünki onlarda problem yaranan zaman parçalarını tapmaq mümkün olmur. Bütün modellərimiz üçün servis xidmətimiz də fəaliyyət göstərir. Bütün məhsullarımıza da iki il zəmanət verilir. Biz sadəcə Almaniyanın “Şidel” bacasından istifadə edirik, bu məhsula isə şirkətin özü 50 il zəmanət verir. 5 il müddətində onu təmizləməyə də ehtiyac yoxdur. Çünki seramik bacadır. Ancaq odunlu kaminlərin bacalarının təmizlənməsinə ehtiyac olur. Bu zaman isə xüsusi dərmanlar vasitəsilə təmizlənir”.

San-texnika mağazasının sahibi Elçin Qəhrəmanov: “Ümumiyyətlə insanlar daha çox Türkiyə məhsullarına üstünlük verirlər. Amma hər bir halda hər kəs büdcəsinə uyğun kombini seçir. Minimum qiymət isə kombilərdə 550 AZN-dən başlayır. Eyni ölçülü kombinin ən bahalısı isə 980-1000 AZN arasında dəyişir. Eyni ölçülü olmasına baxmayaraq qiymət fərqinin olması isə kombinin həm özünün, həm də iç detallarının da keyfiyyətindən asılıdır. Eyni zamanda hansı motordan istifadə edilməsinin də böyük önəmi var. Bu mövzuda ən yaxşı məhsullar Türkiyə, İtaliya istehsalı olan kombilər nəzərdə tutulur. Kombinin təmizlənməsinə gəldikdə isə əgər hamam və mətbəxdə isti suya bağlıdırsa bu zaman iki esenjorlu kombinlərdə 2-3 ildən bir esenjorlar yuyulmalıdır. 4-5 ildən bir isə radiatrların da yuyulması məsləhətdir”.

Bu mövzu ilə bağlı ekspert fikrini də öyrənməyə çalışdıq.


Millət vəkili, iqtisadçı Azər Badamov:
“Bildiyimiz kimi, qış fəsli gəlib, havalar soyuyub. İnsanlar qızdırıcı avadanlıqlardan istifadə edirlər. Bazarda cürbəcür qızdırıcı avadanlıqlar satılır. Əlbəttə ki, bütün avadanlıqların təhlükəsizlik səviyyəsi eyni deyildir. Vətəndaşlar alanda təhlükəsizlik tədbirləri daha çox nəzərə alınmış, təhlükəsiz avadanlıqlardan istifadə etməlidirlər. Bu zaman sertifikatını, keyfiyyət göstəricilərinin texniki xarakteristikasına baxılmalıdır ki, istifadə olunanda bədbəxt hadisələr baş verməsin. Biz eşidirik ki, vətəndaşlarımız qış aylarında müəyyən standartlara uyğun gəlməyən qızdırıcı vasitələrdən istifadə edirlər. Buna görə də çox təəssüflər olsun ki, mütəmadi dəm qazından boğulmalar görürük və yaxud da ki, yanğın hadisələrinin şahidi oluruq. Belə halların baş verməməsi üçün qeyd elədiyim kimi müəyyən standartlara cavab verən avadanlıqlardan istifadə olunması tövsiyyə olunur. Standartlara uyğun gəlməyən əldəqayırma məhsullarının satışı varsa bazarlarda təbii ki, gömrük buraxılış məntəqəsində belə məhsullara baxış keçirilməli və ölkə daxilinə buraxılmamalıdır. Belə hallar müəyyən qurumlar, malların keyfiyyətinə nəzarət edən təşkilatlar tərəfindən müəyyən olunmalıdır, sertifikatlara baxılmalıdır və təhlükəsiz olub-olmaması müəyyənləşdirilməlidir. Əgər, insan həyatı üçün təhlükə yarada biləcək avadanlıqlar satışdadırsa onlar satışdan çıxarılıb, kənarlaşdırılmalıdır”.

Məsələ ilə bağlı insan sağlamlığına dəyəcək zərərlərin qarşısını necə almalı olmağımızla əlaqədar həkimlə də əlaqə saxladıq.

Həkim Tariel Eyvazov: “Birinci növbədə bilməliyik ki, gərək havalanma qaydasında olsun, qapı elə olmalıdır ki, çölə açıla, sonra qapılar tam kip olmamalıdır, müəyyən məsafələr olmalıdır ki, hava gedib gəlsin. Daha sonra əsas məsələlərdən biri odun peçlərinin düzgün yanmağıdır. O, düzgün yanmayanda dəm qazı müəyyən qədər az miqdarda olsa da həmin otağa sızır. Ən çoxda bu hal İran peçlərində özünü göstərir. Havaya o qədər zəif qatışır ki, hiss eləmək çətin olur və zəhərlənmə halları baş verir. Vətəndaşlar gedirlər həkimə şikayət edirlər ki, əzginəm, özümü yaxşı hiss eləmirəm, zəifləmişəm başım ağrayır. Çox vaxt isə şiddətli zəhərlənmə verir. Birinci növbədə məsləhətdir ki, hava tez-tez dəyişilsin. Düzgün yanmağına diqqət etmək lazımdır.

Zəhərlənən adamı təmiz havaya çıxarmaq lazımdır. Rahat nəfəs almasını təmin eləmək lazımdır. Zəhərlənən adamı hadisə baş vermiş yerdən kənarlaşdırmaq lazımdır. Sonra isə müəyyən maye vasitəsilə gözlərini, dilini yumaq vacibdir. Əgər huşu özündədirsə, bol maye qəbul etməyin də rolu böyükdür”.

Mövzu ilə bağlı şəhər sakinləri arasında da sorğu keçirdik.

Şəhər sakini Mehparə Məmmədli: “Biz bina evində yaşayırıq. Buna görə də ən uyğun istilik sistemi olaraq kombidən istifadə edirik. Bəzən təmizlənməyə ehtiyac olması xaricində böyük bir problemlə qarşılaşmamışıq”.


Şəhər sakini Aynur Səmədli: “Biz kombi sistemindən istifadə edirik. Lakin gələcəkdə kamindən istifadə etmək istərəm. Çünki insana hüzur verdiyini, sakitləşdirici təsirinin olduğunu düşünürəm”.


Şəhər sakini Şəlalə Məmmədova:
“Biz həyət evimizdə kamindən istifadə edirik. Çox gözəl görüntüsü olması ilə yanaşı, eyni zamanda insana xüsusi bir enerji də bəxş edir. Lakin kombili evlərin daha isti olması həqiqəti də danılmazdır”.

Səbinə Hüseynli

Digər xəbərlər