"Hər bir körpənin gələcəyi bir çox faktorlarla bərabər həm də onun adının daşıdığı məna ilə bağlıdır. Çünkü bu mistik bir məsələ deyil. Bu şəxsiyyətin identifliyinin formalaşmasına təsir göstərən və bu identifliyin formalaşmasında xüsusi rol oynayan əsas faktorlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Asif Bayramov bildirib.
Onun sözlərinə görə, necə ki hər bir bir informasiya məkanının daxil olmaq üçün xüsusi kodu olur, eləcə də insanın daxili dünyasına aşılan qapı onun adında kodlaşır: "Əgər bir insana gülməli bir ad qoyulubsa təbii ki, bu ad insanın şəxsiyyətinin, kimliyinin formalaşmasında mənfi rol oynayır. Təəssüflər olsun ki, illərdir Azərbaycanda ad qoyma ilə bağlı uğursuz ənənə formalaşmışdır. Sovet dönəmində belə kənd təsərrüfatı teknikalarının adları yeni doğulan uşaqlara ad kimi qoyulardı. "Kombayn", "Kolxoz" kimi adlar qoyulardı. Bunların kökündə insanların maarifləndirilməməsi durur. Digər tərəfdən bizdə milli kimliyin, milli şüurun formalaşması prosesi ləng inkişaf edir. Mən universitet müəllimi kimi bir faktı xüsusi vurğulamaq istərdim ki, ali təhsil müəsisələrində milli kimliyin formalaşması istiqamətində ciddi tədris proqramları və tədris fənnləri mövcud deyil. Bu boşluğu Azərbaycan tarixi fənni doldurur, ancaq bu istiqamətdə dünya praktikasında tədris olunan fənnlər var. Elə Rusiyanın özündə rus milli kimliyini, rus milli identifliyini formalaşdırmaq üçün rus cəmiyyətində və rus elmi mühitində kifayət qədər tədris fənnləri nəzərdə tutulub. Hər zaman bu faktı vurğulayıram ki, bu məsələdə Azərbaycanın müvafiq nazirlikləri, xüsusilə Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə böyük məsuliyyət düşür. Çünki milli identifliyin formalaşması məsələsi son dərəcə strateji bir məsələdir. Bu strateji problemlərin başında Azərbaycanın Təhsil Nazirliyi dayanır. Təhsil Nazirliyində olan ekspertlər bu mövzuda ciddi proqramlar tərtib etməlidirlər. Ümumiyyətlə ali məktəblərin humanitar fənnlər üzrə kafedra müəllimlərinə də bu sahədə məsuliyyət düşür. Yəni bu gün gənclərimizə, uşaqlarımıza, körpələrimizə çox gülməli, məzəli, hətta eybəcər adların qoyulmasının kökündə bizim milli kimlik şüurumuzun aşağı formada olması faktı təsir edir. Ona görə də Azərbaycan mediası, bütövlükdə kütləvi informasiya vasitələri bu boşluğu doldurmaq üçün xüsusi proqram hazırlamalıdırlar və bu məsələ ilə bağlı ictimaiyyəti ardıcıl şəkildə maarifləndirməlidirlər. Azərbaycan tele-məkanlarında təəssüflər olsun ki, böyük boşluq var. Milli əxlaqın, milli kimliyin, milli ənənənin qorunub-saxlanması istiqamətində verilişlər son dərəcə kasatdır. Bu halların kökündə bu cür faktlar dayanır".